Karusel (27-08-2014, 22:24)
Deputatın çoxqübbəli villası barədə ŞOK XƏBƏR
"Azəraqrartikinti"ASC-nin sədri prezident sarayı ilə müqayisə edilə biləcək layihə reallaşdırır
Milli Məclisin deputatı, "Azəraqrartikinti" ASC İdarə Heyətinin sədri Ağalar Vəliyev Bakıətrafı kəndlərdən birində dənizdən 500 metr məsafədə özünə ölkədə analoqu olmayan çoxqübbəli villa tikdirir.
Qaynar.info xəbər verir ki, bu barədə "Gündəlik Bakı" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda sözügedən villada kosmetik işlər aparılır və bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunub. Həmçinin bildirilir ki, gözəllikdə tayı-bərabəri olmayacaq bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür.
Məlumata görə, villadan dənizə yeraltı tunel çəkilməsi də planlaşdırılır. Deyilənə görə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub. Bu arzunu rəhbərlik etdiyi Səhmdar Cəmiyyətin ən təcrübəli mütəxəssisləri gerçəkləşdirir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə maraq doğurur. Çünki "Azəraqrartikinti" ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biridir. Bir müddət öncə Səhmdar Cəmiyyət rəhbəri Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi qeyd olunurdu. Bu imtinaya əsas kimi büdcə vəsaitlərinin çatışmadığı göstərilirdi.
"Bu mənada hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi əlaqədar dövlət qurumlarının diqqətini cəlb etməyə bilməz. Ümid edirik ki, Milli Məclisə son şok hesabatları ilə gündəmdən hələ də düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək mülkünün nəyin hesabına başa gəldiyini aşkarlayacaq və müvafiq orqanlar araşdırma aparsalar, bilmədiyimiz bir sıra gizli məqamlar üzə çıxara bilər", - deyə qəzet yazır.