Karusel / Slayd (5-05-2017, 09:45)
Rəfael Cəbrayılov 300 min manat borcunu qaytarmır?!:QALMAQAL
Deputat Milli Məclisin rəsmi blankında yazıb götürdüyü öhdəlikdən yayınır?!
Mediatv.az Yenixeber.org:-a istinadən xəbər verir ki
Redaksiyamıza millət vəkili Rəfael Cəbyaılovla bağlı geniş ictimai marağa səbəb olacaq məlumat daxil olub. İş adamı Məmmədov Qeysər Əli oğlunun rəsmi nümayəndəsinin yenixeber.org-un elektron poçtuna ünvanladığı müraciətdə hörmətli millət vəkili müxtəlif vaxtlarda toplam 400 min manatı borc adı ilə alıb, qaytarmamaqda suçlanır. (Sonradan 100.000 manatı bağışlanıb. Red.) Olayda diqqət çəkən vacib faktlardan biri isə Rəfael müəllimin Milli Məclisin rəsmi blankında borc aldığını və nə vaxt qaytaracağını yazıb, öhdəlik götürməsidir.(Bu blankların surəti də redaksiyamıza təqdim olunub. Red.) Bir illik qaytarılması şərti ilə alınan borcun artıq üç ildir ki, qaytarılmaması səbəbindən mübahisə məhkəmə müstəvisinə daşınmaqdadır. Bizimlə söhbətdə Qeysər Məmmədovun səlahiyyətli nümayəndəsi deputat tərəfindən dəfələrlə aldadıldıqlarını və bu səbəbdən də artıq məhkəməyə müraciət etdiklərini bildirdi. Hazırda zərərçəkmişin iddiasına Abşeron Rayon Məhkəməsində baxılır.
Yeri gəlmişkən Rəfael Cəbrayılovla bağlı bu ilk belə xəbər deyil. Google üzərindən bir axtarış kifayətdir ki, hörmətli millət vəkilinə qarşı bir neçə bu sayaq iddialarla tanış ola biləsən. Bu sırada isə “Dərhal” MMC ilə bağlı ötən ilin əvvəlində mediada yer almış qalmaqal yaddan çıxan deyil...
Biz məlum qayda və prinsiplərə uyğun olaraq, yenixeber.org-un elektron poçtuna ünvanlanan bu müraciətlə bağlı Rəfael Cəbrayılovu da dinləməyə çalışdıq. Hörmətli deputatla mümkün olmasa da, köməkçisi Faiq Bayramovla telefon əlaqəsi yarada bildik. Faiq müəllim əvvəlcə 10-15 dəqiqəyə məlumatı araşdırıb, cavab verəcəyini bildirdi. Daha sonra isə Rafael müəllimin iclasda olduğunu deyib, xahiş etdi ki, tələsməyib, bir-neçə saat da gözləyək. Təəssüf ki, saatlarla, günlərlə gözləsək də qarşı tərəfdən heç bir açıqlama olmadı(?)
Bu da Məmmədov Qeysər Əli oğlunun Rəfael Cəbrayılovla bağlı müraciəti: “Cavabdeh Rəfael Cəbrayılovu yaxın bir dostumun vasitəsi ilə tanımışam. Bir müdət tanışlıqdan sonra aramızda xoş münasibət yarand. Bu xoş münasibətlərdən istifadə edən Rafael Cəbrayılov dəfələrlə məndən müəyyən məbləğdə borc pul almışdır. Aldığı borcu dediyi vaxtda qaytarmasa da, sonunda qaytararaq etibarımı qazanmağa çalışırdı.
21 aprel 2014-ci il tarixində Rafael Cəbrayılov “Hollivud” şadlıq sarayında məndən 200.000 (iki yüz min) manat borc pul aldı. Qeyd etdiyim kimi, aldığı borcları vaxtında qaytarmadığı üçün ona etibarım itmişdi. Bu səbəbdən də R.Cəbrayılovdan zəmanət istədim. O, da etiraz etməyərək Milli Məclisin rəsmi blankında məndən aldığı borc pulun məbləğini və qaytaracağı vaxtı göstərməklə yazılı öhdəlik götürdü. Aramızda olan razılaşmaya əsasən borcu 21 aprel 2015-ci il tarixində qaytarmalı idi.
Üstündən bir ay keçməmiş yenidən məndən 100.000 (bir yüz min) manat borc pul istədi. Yenə də Milli Məclisin rəsmi blankında öz xətti ilə borcun məbləğini və qaytaracağı vaxtı barədə öhdəlik götürdü. Həmin razılaşmaya görə 05 noyabr 2014-cü il tarixinədək borcu qaytarmalı idi.
Elə həmin ilin sentyabr ayında məndən yenidən 100.000 (bir yüz min) manat borc istəyərək bildirdi ki, “Hollivud” şadlıq sarayında qızının toyunu edir, toydan sonra mənə olan bütün borcunu qaytaracaqdır. Aramızda olan ümumi tanışımızın şəxsiyyətinə, aramızdakı münasibətə, Rəfael Cəvrayılovun Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğuna inanaraq yenidən yazılı iltizam almaqla 100.000 (bir yüz min) manat borc pul verdim.
Maddi durumunun ağırlığı səbəbindən sonuncu 100.000 (bir yüz min) manatı deputata bağışladım. Əfsuslar olsun ki, üç ilə yaxın vaxt keçsə də Rəfael Cəbrayılov bu günədək mənə qaytarmalı olduğu 300.000 manatı müxtəlif bəhanələrlə qaytarmır”.
Göründüyü kimi, kifayət qədər ciddi ittihamlardır. İttihamlara ictimai marağı stimullaşdıran başlıca faktor isə cənab Cəbrayılovun sıradan deyil, ictimailəşmiş fiqur olmasıdır. Yüksək məbləğdə borc qalmaqalında tərəf kimi adının hallanmasına və Milli Məclisin rəsmi blankından sui-istifadə kimi ittihamlara hörmətli millət vəkilinin aydınlıq gətirəcəyini də gözləyirik.
Mövzu diqqətimizdədir.