Karusel (29-01-2017, 21:26)
DƏLƏDUZ KİMDİR? BAŞ NOTARİUS RƏŞADƏT SADIQOV, YOXSA ONUN YEZNƏSİ...
Ramana və Binədə hektarlarla sənədsiz torpaq satışının arxasında kim dayanır?!
“Hürriyyət” qəzetinin baş direktoru Cəsur Məmmədov yaşadığı ərazidə onun etibarından sui-istifadə edən torpaq dəllallarından şikayətçidir. Deyir ki, ötən ilin iyun ayında yaşadığı Ramana qəsəbəsində torpaq satışı elanı ilə rastlaşıb və telefon nömrəsiylə əlaqə saxlayıb. Daha sonra torpaq satşıyla məşğul olanlarla görüşüb və müəyyən razılığa gəliblər. Amma sonradan qarşı tərəf bu razılaşmanı pozub, çünki vəd edildiyinin əksinə olaraq torpağın sənədləri qaydasında olmayıb: “Ramazan ayı idi. Ramanada Şuşa şəhərciyinin yaxınlığındakı “kanalın üstü” deyilən ərazidə 5 hektar torpaq sahəsinin satıldığını öyrəndim. Ərazinin kimə məxsus olması ilə maraqlandım. Ərazidəki maklerlər bildirdilər ki, torpaq sahəsi Nərimanov rayonunda Heydər Əliyev prospekti 72-də yerləşən 9 saylı notarial kontorun notariusu Rəşadət Sadıqova məxsusdur. Rəşadət Sadıqovla görüşdüm, dedi ki, həmin sahənin alqı-satqısı ilə Zaur adlı kürəkəni məşğul olur. Əlaqə nömrəmi götürüb dedi ki, kürəkəni mənimlə əlaqə saxlayacaq. Bir neçə gün sonra mənə (051) 735 55 65 nömrəsindən zəng gəldi, həmin şəxs dedi ki, adı Zaurdu və Rəşadət Sadıqovun alqı-satqı işinə nəzarət eləyir. Bildirdi ki, torpağın sotunu 12 min manata satır, çox götürsəm, qiymətdə güzəşt edəcək. Təbii ki, mən ilk öncə torpağın sənədləriylə maraqlandım. Dedi ki, torpağı hektar-hektar satırlar ki, özəlləşdirmə asan olsun. Bir hektarı almaq imkanı olmayanlar üçünsə sot-sot satıb, sonra müştəriləri toplayıb, birgə özəlləşdirmə aparacaqlar. Bu üzdən də təklif etdi ki, mən 10 sotdan çox torpaq sahəsi alım. Mənsə 10 sotdan çox almaq imkanımın olmadığını dedim”.
“Mənə deyirdilər ki, tək Ramanada deyil, Binədə də satılacaq 100 hektar torpaqları var”
Cəsur Məmmədovun sözlərinə görə, Zaur adlı şəxs ona deyib ki, tək Ramanada deyil, Binədə də 100 hektar torpaq sahələri var, bu şəkildə satırlar, yəni alqı-satqı işində peşəkarlaşıblar. Bu fikir onda belə təəssürat yaradıb ki, bu qədər torpaq satan tərəf qanunsuz satışla məşğul ola bilməz: “Zaurla müxtəlif yerdə və müxtəlif vaxtlarda görüşdük. O, hər dəfə mənə cızma-qara edilmiş “xəritə” göstərirdi ki, filan qədər yeri satıb. Məni inandırdı ki, bir hektar satılıb, Əmlak Komitəsində özəlləşdirilməsi üçün az torpaq sahəsi qalıb, bir həftəyə bu işi həll etməlidir. Ona görə mən torpağı almaq qərarımı tezləşdirim. Bu üzdən də mən 10 sot torpağın sotunu 11 minə almaq şərtilə ona 400 dollar beh verdim. O vaxt dolların manata nisbətdə məzənnəsi 1 manat 50 qəpik idi. Bir həftə sonra əlaqə saxladım, dedi ki, Rəşadətin yanına gedək, orada söhbət edək. Getdik. Başqa bir ağsaçlı adam da olmaqla Rəşadət, mən, Zaurla birgə söhbətimiz oldu. Dedim torpağın sənədlərini qaydasına salın, götürüm. Rəşadət dedi ki, biz sənə 10 sot yox, 50 sot sata bilərik. Dedim məndə o qədər pul yoxdur”.
“Bu gün-sabaha salıb pulumu qaytarmaq istəmirlər”
Sonradan C.Məmmədova belə məlum olur ki, 1 hektar ərazini satmaq üçün onların elə ilk və son müştərisiymiş. Bu üzdən ona zorla 50 sotu satmaq istəyirlər ki, digər 50 sotu da kiməsə satıb, Əmlak Komitəsinə “haqq” ödəyib, torpağı özəlləşdirsinlər: “Mən razılaşmadım və verdiyim məbləği geri istədim. Zaur bu gün-sabaha salıb, pulu qaytarmaq istəmədi. Uzun çək-çevirdən sonra bir nəfərələ mənə 400 manat göndərdi, hansı ki, onda dolların kursu da qalxmışdı. Mən razılaşmadım, zəng elədim ki, pulun qalığını da ödə. O da dedi ki, guya hamısını ödəyib. Rəşadətlə də əlaqə saxladım, dedi ki, o pul başqa bir maklerlə göndərilib, həmin makler verməyib”.
5 hektar kimindir – “Akkord”un, Təhsil Nazirliyinin, ya fərdi şəxslərin?
C.Məmmdov sonradan araşdırma aparıb, həmin 5 hektar torpaq sahəsinin əvvəllər “Akkord” tikinti şirkətinə, sonra başqa bir şirkətə verildiyini, həmin şirkətin fəaliyyəti dayandırıldıqdan sonra isə Təhsil Nazirliyinin balansına keçdiyini öyrənib: “Hazırda torpağın konkret sahibinin kim olması da qeyri-müəyyəndir. Hətta o ərazidə bir nəfərin evi var. Mən həmin şəxslə görüşdüm, dedi ki, Rəşadətgil onu da oradan çıxarmaq istəyirlər, o isə fəaliyyətini dayandıran həmin şirkətin vaxtilə işçisi olub, şirkət onun maaşını ödəyə bilməyib, əvəzində ona oradan sığınacaq veriblər, o isə xərc töküb, onu ev halına salıb. Mən belə qənaətə gəldim ki, Rəşadət Sadıqov o torpaq sahəsini alıb, hazırda özəlləşdirmək istəyir. Çünki Zaur adlı şəxsin bir neçə dəfə danışığından belə aydın oldu ki, 5 hektar torpaq sahəsini özəlləşdirmək üçün Əmlak Komitəsinə yarım milyon pul ödəməlidirlər, ödəmirlər”.
102 xidməti araşdırır
Cəsur Məmmədov bildirir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verib. 102 xidmətindən ona deyilib ki, məlumat qeydiyyata alınıb, araşdırılacaq.
Ədliyyə orqanının əməkdaşı “gül ağzını acdı”: “Zaur qələt eləyib, ...”
Məsələ ilə əlaqədar 9 saylı notariat kontorunun xüsusi notariusu Rəşadət Sadıqovla əlaqə saxladıq. Ədliyyə Nazirliyinin əməkdaşı qeyri-etik ifadələrə yol verərək saymazyana şəkildə dedi ki, sözügedən torpaq sahələrinin ona heç bir aidiyyəti yoxdur: “Nə oldu e, elə hər şey mənim adıma oldu. Zahir deyir mən pulu vermişəm, o deyir verməyib”.
Həmin şəxsin kimliyi, torpaq satmaqda hansı səlahiyyətlərinin olması ilə maraqlandıq: “Mənim qohumumdu, alqı-satqı işi ilə məşğuldu, maklerlik edir. Nə var ki, burda? Mən hər şeyə cavadehəm? Pulu alıb yeyib, nə qələt eləyib, .... özü də cavab versin ”. Onu etik davranmağa dəvət etdik, səsinin tonunu dəyişmədən dedi ki, bu məsələnin ona heç bir aidiyyəti yoxdur: “Torpaq mənim olsa, deyərəm ki, mənimdi. Zəng eləyin özü ilə danışın”.