Karusel / Slayd (5-05-2016, 11:37)
“Azərişıq” dövlət başçısının fərmanına qarşı gedir?
“Yeni Bakı” sakinləri ümumi yığıncaq keçirərək, MTK rəhbərliyini dəyişə bilər
Aprelin 5-də saytda “Yeni Bakı”nın sakinləri özbaşınalıq və kobudluqdan şikayət edir” başlıqlı yazı dərc olunmuşdu.
Müraciət edən bir qrup sakin bildirib ki, Masazırdakı “Yeni Bakı” yaşayış kompleksini tikən və hazırda şəhərciyə nəzarət edən “İlin Dörd Fəsli”MMC onların hüquqlarını pozur. Sakinlər xüsusilə də komendant Ehtiram Yusifovun özbaşınalığından və sakinlərə qarşı kobud davranışından şikayət ediblər.
Həmin yazıda vurğulanırdı ki, “Yeni Bakı” yaşayış kompleksinin sakinləri digər şəhərciklərdən qat-qat baha olan kommunal ödənişləri vermədiklərinə görə, komendant Ehtiram Yusifov tərəfindən təzyiqlərə məruz qalır və onların işları vaxtaşırı olaraq, əsassız yerə kəsilir.Onlar “Azərişıq” və “Azərsu”ya dəfələrlə müraciət edərək, mənzillərə ayrıca sayğac qoyulmasını tələb etsələr də, mənfi cavab aldıqlarını bildiriblər.
Aprelin 29-da “Yeni Bakı” sakinləri yenidən Qafqaz Xəbər Agentliyinə müraciət edərək, həmin problemlərin davam etdiyini dedilər. “Yeni Bakı” massivində bina 8 sakini Səməd Mirəli oğlu Səmədov bildirib ki, MTK binaların neçə ildir məskunlaşmasına baxmayaraq, mənzillərdən pulunu aldığı sayğacları quraşdırmır.
“Bəzi sakinlərdən 500, bəzilərindən 700 manat, şəxsən məndən isə 600 manat sayğac pulu alıblar. Amma vədlərinə əməl etmirlər. MTK rəhbərliyi sakinləri incidir, qat-qat artıq kommunal ödənişi tələb edir, verməyənləri isə işıqlarını kəsməklə şantaj edir. Verdikləri qəbzdə isə heç bir möhür, VÖEN yoxdur. Biz bu özbaşınalığa son vermək, ödənişi qanuni şəkildə dövlət büdcəsinə keçirmək istəyirik. Qoy pulumuz olanda işığımız yansın, olmayanda yox. Heç kimdən asılı, közükölgəli olmaq istəmirik….
Aprelin 22-də bir qrup sakinlə “Azərişıq”a getdik. Baba Rzayevlə görüşmək istəyirdik, amma bizimlə Abdulla müəllim adlı müavini görüşdü – orda belə dedilər. O bizi dinlədi, dedi biz pulu MTK-dan alırıq, sizi tanımırıq. Maraqlıdır ki, onların “İlin dörd fəsli” MMC ilə inşaat üçün elektrik enerjisi ilə bağlı müqaviləsi var.
“Yeni Bakı”nın yanında başqa kompleks də tikilir, çox güman ki, həmin elektrik təminatından o tikintiyə də gedir. Əhalinin istifadəsi üçün texniki şərt verilməyib. Biz tələb etdik ki, sakinlərə ayrıca sayğaclar quraşdırılsın. Müraciətimizi aldılar, amma kimə və hara cavab yazacaqları barədə soruşmadılar. Sonra bizi Qənimət müəllimə yönəltdilər. Qənimət müəllim özü də təəccübləndi ki, binalar məskunlaşıb, amma 3 min mənzillik kompleksdə əhalinin istifadəsi üçün texniki şərt yoxdur. Bizə bu istiqamətdə xəbər veriləcəyi vəd olundu, amma bir həftədir “Azərişıq”dan heç bir xəbər yoxdur”. Əməkdaşımız son nəticə olaraq, “Azərişıq”dan hansı cavab aldıqlarını soruşdu.
“Bizə dedilər ki, gedin digər qurumlara müraciət edin. Prezident Administrasiyasına, Prezidentə…
Onlar bizim problemi özlərinə aid bilmədilər. Biz artıq Prezidentə şikayət etmişik, yenə də edəcəyik”, deyə S.Səmədov əlavə etdi.
Biz məsələ ilə bağlı mayın 2-də “Azərişıq”ın münasibətini öyrənmək üçün bu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.
“Qanuna görə, biz abonent kimi MTK-nı tanyırıq. MTK bizdən elektrik enerjisini alıb, hansı məqsəd üçün istifadə edir, özü bilər. Sakinlərlə MTK-nın problemləri isə özlərinə aiddir. Qanuna görə, biz MTK-larla əməkdaşlıq edirik. MTK öz öhdəliklərini yerinə yetirsin və ondan sonra sakinlərə ayrı sayğaclar verilməsi barədə söz gedə bilər”, – deyə T.Mustafayev bildirdi.
Biz bu öhdəliklərin nədən ibarət olduğunu, eləcə də cari vəziyyətin nə qədər davam edəcəyini öyrənə bilmədik. T.Mustafayevə “Gedin, Prezidentə şikayət edin” sözləri ilə bağlı sual verdikdə də, “Azərişıq” sözçüsü bunu “nağıl” adlandırdı və bildirdi ki, sakinlərin Abdulla müəllimlə görüşdən məlumatı yoxdur. Onun sözlərinə görə, “Azərişıq”ın dəqiq vəzifələri və səlahiyyətləri var, işlər bu istiqamətdə aparılır.
“Biz həyət evlərinə ayrıca sayğaclar qoymağa borcluyuq. MTK-larda isə vəziyyət başqa cürdür”, – deyə “Azərişıq”ın mətbuat katibi əlavə edib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə isə, “Azərişıq” bir çox MTK-larla razılaşaraq, istehlakçıların hüquqlarını pozur.
“Bizə bir çox MTK-lardan şikayətlər gəlir. MTK-ların özbaşınalığı, sakinləri incitmələri və yerli-yersiz pul yığmaları ilə şikayətlərin sayı-hesabı yoxdur. Burda vergidən yayınma hallarına da rast gəlinir. MTK-lar sakinlərin mənzillərini özəlləşdirməsinə,”kupça” almasına imkan vermir. Çıxarışı 2 min, 3 min və daha baha qiymətə satırlar. Bir çox şəhərciklərdə sakinlər MTK-ların bu özbaşınalığından təngə gəlir, kommunal xidmətlərə dair qurumlarla birbaşa müqavilə bağlamaq istəyirlər. Lakin “Azərsu” və “Azərişıq” kimi qurumlar MTK-larla razılaşıb istehlakçıların hüquqlarını pozurlar. Burda korrupsiya elementləri xüsusi rol oynayır. Azərbaycan Prezidentinin 2013-cü il tarixli fərmanı var ki, bütün şəxsi mənzillərə fərdi sayğaclar qoyulmalıdır. Lakin “Azərişıq” bu fərmana məhəl qoymur, onlara MTK-larla birbaşa münasibət qurmaq daha sərfəlidir”, – deyə E.Hüseynov vurğulayıb.
Hüquqşünas Mehman Muradlı isə “Azərişıq” ASC-ni günahkar saymır. Lakin onun sözlərinə görə, sakinlər üçün yeganə çıxış yolu bu məsələni MTK daxilində həll etməkdir.
“Müqavilə MTK ilə bağlanıb. O sakinlər isə MTK-nın payçılarıdır. Mülki Məcəlləyə nəzər salsalar görərlər ki, onların ümumi yığıncaq keçirərək müvafiq qərarlar qəbul etmək, hətta rəhbərliyi dəyişmək barədə hüquqları var. Yeni cəmiyyət yaratmağa ehtiyac yoxdur. Bunu hüquqi müstəvidə həll edə bilərlər. Məsələn, təşəbbüs qrupu sakinlərin əksəriyyətindən imza toplamaqla, ümumi yığıncaq tələb edə bilər. Yoxsa, bu vəziyyətdə hara şikayət etsələr də, hüquqi tərəf kimi MTK tanınır. Onlar hər halda kupça da almayıblar, özəl mülkiyyətçi sayılmırlar. Bu baş tutacağı halda da birbaşa “Azərişıq”dan sayğac tələb edə bilərlər”, – deyə M.Muradlı əlavə edib.(Qafqaznews.az)
Mövzu diqqətimizdədir