Siyasət / Slayd (17-02-2015, 20:08)
Natiq Əliyevlə Etibar Pirverdiyev hökumətdən çıxdaş edilir - Gözlənti
Məlum olduğu kimi, prezident İlham Əliyev bir neçə gün əvvəl "Bakıelektrikşəbəkə" ASC-nin adının dəyişdirilərək, "Azərişıq" ASC adlandırılması ilə bağlı sərəncam imzaladı. Yeni yaradılan "Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq" ASC-yə ötürülməli, o cümlədən, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir. Ölkə başçısının bu sərəncamı "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevin "vurulması" və yaxın günlərdə öz postunu itirəcəyi kimi qəbul edilir. Bəzi ekspertlər bu məsələni şərh edərkən bildiriblər ki, neftin qiymətinin ucuzlaşması, gəlirlərin azalması şəraitində hakimiyyətin xərcləri azaltmaq üçün bir-birini təkrarlayan və paralel qurumların birləşdirməsi, eyni səlahiyyətlərin bir quruma tabe etdirilməsi siyasəti məqsədəmüvafiqdir. Hətta belə təkliflər də edilir ki, Vergilər və Maliyyə nazirlikləri və Əmlak Komitəsi də birləşdirilə bilər. Bundan başqa, struktur islahatları çərçivəsində bir neçə baş idarənin ləğv olunaraq daha böyük paralel quruma birləşdiriləcəyi haqda da informasiyalar yayılmaqdadır. Qeyd edək ki, "Azərenerji" indiyədək Bakı şəhəri istisna olmaqla, bütün ölkənin enerji təminatını həyata keçirirdi. Bundan sonra isə Azərbaycanda enerji təchizatı işini "Azərişıq" həyata keçirəcək. Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurum isə yalnız elektrik enerjisinin istehsalı ilə məşğul ola biləcək. Bu səlahiyyətin də bir müddət sonra ondan alınaraq "Azərişıq"a veriləcəyi iddia olunur. Ekspertlərin fikrincə, Etibar Pirverdiyevin əsas səlahiyyətlərini itirməsi onun işindən daha çox biznes layihələrinə vaxt ayırması və yuxarılarda ona qarşı inamın azalması ilə bağlıdır: "Adətən belə hallarda ya daha kiçik olan qurumu böyük quruma birləşdirirlər, ya da balaca müəssisələrin səlahiyyətlərini iri müəssisəyə verirlər. İndiki halda "Azərenerji" "Bakıelektrikşəbəkə"dən qat-qat böyük struktur idi. Ancaq Etibar Pirverdiyevin nüfuzdan düşməsi, onun zaman-zaman böyük maxinasiyalar etməsi, yarıtmaz fəaliyyətinin nəticəsidir ki, enerji sektorunda onun əsas səlahiyyətlərini əlindən alaraq, ölkənin elektrik enerjisi sektoruna nəzarəti faktiki olaraq Baba Rzayevə həvalə ediblər. Burada söhbət Etibar Pirverdiyevin "vurulmasından" gedir. Əks halda paralel səlahiyyətlərin vahid quruma verilməsi anlamında yalnız Bakının enerji təchizatını həyata keçirən "Bakıelektrikşəbəkə"nin səlahiyyətlərini "Azərenerji"yə verməklə məsələni daha asan həll etmək mümkün idi". Onu da qeyd etmək lazımdır ki, Etibar Pirverdiyevin enerji sektorunda həyata keçirdiyi maxinasiyalar haqqında mətbuatda dəfələrlə məlumat verilib. "Azərenerji"nin rəhbəri vəzifəsinin verdiyi səlahiyyətlərdən başqa məqsədlər üçün istifadə etməklə özünə böyük kapital toplamağı, şimal bölgəsində nəhəng biznes imperiyası yaratmağı bacarıb. İddialara əsasən, "Azenco" ASC, "İnter Enerji" MMC və Sumqayıt Texnologiya Parkı Etibar Pirverdiyevin biznesinin əsasını təşkil edir. Hansı ki, adıçəkilən müəssisələrə il ərzində milyonluq layihələr həvalə olunur. ASC sədri STP-də müxtəlif istehsal və xidmət sahələri, məsələn, polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri yaradıb ki, bunun nəticəsində "Azərenerji"nin təchizatını tam inhisarda saxlamaq mümkünləşib. Başqa sözlə desək, "Azərenerji"yə qoyulan investisiyaların böyük hissəsi elə cəmiyyət sədrinin öz büdcəsinə daxil olur. Formal keçirilən tenderlərin qalibi olan "İnter Enerji" MMC-nin vasitəsilə külli miqdarda vəsaitin göyə sovrulmasına dair iddialar var. Xatırladaq ki, bu yaxınlara qədər Etibar Pirverdiyevin daha yüksək vəzifəyə təyin ediləcəyi barədə xəbərlər dolaşırdı. Amma prezidentin "Azərişıq" ASC-ni yaratması ilə Etibar Pirverdiyevin yüksək posta olan arzusu necə deyərlər, suya düşdü. O böyük vəzifəyə iddia edərkən əsas səlahiyyətlərindən oldu. Və nəticədə əsas gəlir mənbəyini itirdi. Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, "Azərişıq" ASC-nin yaradılması iki paralel fəaliyyətli qurumun- Energetika Nazirliyi və "Azərenerji" ASC-nin gələcək fəaliyyətini sual altında qoyub. Mənbənin bildirdiyinə görə, yuxarılar xərcləri azaltmaq üçün bir-birini təkrarlayan bu iki qurumu ləğv edib bütün səlahiyyətləri "Azərişıq"a vermək barədə fikirləşir. Ki, bu da iki məmurun- energetika naziri Natiq Əliyevin və "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin işsiz qalması ilə nəticələnə bilər. Düşünürük ki, indiki halda paralel fəaliyyətləri qurumların ləğv edilməsi məqsədəuyğun olardı və büdcə xərcləri xeyli azalardı.
Mövzu ilə bağlı qarşı tərəfləri də dinləyə bilərik. \\ GünBakı \\