İqtisadiyyat (27-09-2018, 11:45)
“Azərbaycan Yessentukidə 25 milyon dollarlıq sanatoriya-kurort mərkəzi tikdirib”
“Biz böyük məmnuniyyətlə Rusiyanın bütün subyektləri ilə əlaqələr qurmağa və Azərbaycanın işgüzar dairələrinin bu regionlara investisiya yatırmasına marağını stimullaşdırmağa hazırıq”.
Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında çıxış edən Səməd Qurbanov deyib:
“Rusiya Azərbaycanın əsas ticari və iqtisadi partnyorlarından biridir. Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyəti 2016-cı ildə yaradılıb və iki ölkə rəhbərliyinin Azərbaycanla Rusiya arasındakı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqmətindəki təşəbbüslərinin reallaşdırılmasında effektiv mexanizmlərdən biridir. Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas tapşırığı Azərbaycan biznes cəmiyyətinin Rusiya ilə əlaqəli fəaliyyətində maraqlarına dəstək olmaq, hər iki ölkənin işgüzar dairələrinin əməkdaşlıqlarında yeni imkanları araşdırmaqdır”.
O bildirib ki, son zamanlar İşgüzar Şuranın üzvləri və Şuranın köməyi ilə Rusiya subyektlərində bir sıra iri layihələr həyata keçirilib:
"Yessentuki şəhərində Azərbaycanın "Karat Holding" şirkəti tərəfindən dəyəri 25 milyon dollar olan sanatoriya-kurort mərkəzi istismara verilib. Bundan başqa, Azərbaycanın "Atef" şirkəti Həştərxanda "Lotos" xüsusi iqtisadi zonasının ilk xarici rezidenti olub”.