“Azərbaycan Dəmir Yolları” Qapalı Səmdar Cəmiyyətinin (ADY) paytaxt ərazisindən istismar olunan qatarlarında bank kartları ilə gediş haqqı ödənişi mövcuddur. Lakin bir bank kartı ilə yalnız bir şəxsin ödənişi nəzərdə tutulub. Bu isə ailəvi formada səfər etmək istəyənlərə çətinlik yaradır.
Bununla bağlı sərnişinlər tərəfindən redaksiyamıza şikayətlər daxil olub. Onlar qeyd edirlər ki, bir neçə şəxsin gediş haqqının ödənilməsi üçün birdən çox bank kartına ehtiyac olur. Bu da müəyyən mənada sərnişinləri çıxılmaz vəziyyətdə qoyur.
Problemlə bağlı Manset.az “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlayıb. Qurumdan verilən cavabda bildirilib ki, bu sistemin tətbiq olunmasının səbəbi qatarlarda gediş haqqının məsafəyə görə təyin olunmasıdır.
“Digər ictimai nəqliyyat vasitələrindən fərqli olaraq, ADY qatarlarında gediş haqqı məsafəyə görə təyin olunur. Buna görə də gediş haqqı fərdi olaraq hesablanır”.