İqtisadiyyat (2-03-2017, 12:15)
"S&P" “Azərenerji”nin reytinqini təsdiqlədi - Proqnoz neqativdir
“Standard&Poor`s Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin uzunmüddətli və qısamüddətli korporativ kredit reytinqini “BB/B” səviyyəsində təsdiqləyib.
Mediatv.az agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinqlər üzrə proqnoz neqativdir.
S&P reytinqin bu səviyyədə təsdiqləməsinin əsas səbəbi kimi şirkətin dövlətlə sıx əlaqələrinin qalması ilə əlaqədardır: “İndiyədək dövlət “Azərenerji” ASC-yə likvidlik çatışmazlığı, həmçinin xarici öhdəliklərin yerinə yetirilməsi zamanı zəruri dəstəyi verib. Bizim proqnozlarımıza görə, bu praktika davam etdiriləcək”.
Agentlik qeyd edir ki, 2016-cı ilin sonuna “Azərenerji” ASC-nin xarici öhdəliklərinə (borclarına) dövlət zəmanəti verilib. “Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, hökumət dövlət şirkətinə 2016-2025-ci illərdə kreditlərin ödənişi üçün zəruri maliyyə dəstəyi verəcək. Bununla yanaşı, əldə etdiyimiz məlumata görə, 2017-ci il dövlət büdcəsindən “Azərenerji” ASC-nin nizamnamə kapitalının artırılması və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsaitin ayrılması nəzərdə tutulub. İnanırıq ki, Maliyyə Nazirliyi “Azərenerji” ASC tərəfindən xarici öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir”.