Cəmiyyət (3-03-2016, 22:13)
“Azərenerji”nin SOCAR-a 312 milyon borcu var
“Azərenerji” ASC-nin SOCAR-a olan borcunun məbləği və borcunu ödəyə bilməməsinin səbəbləri açıqlanıb.
Mediatv.az xəbər verir ki, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, 2015-ci ildə baş vermiş devalvasiya “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyini əhəmiyyətli dərəcədə artırıb.
Məlumata əsasən, bu da “Azərenerji”nin digər öhdəliklərinin icrasında problemlərə, xüsusilə yanacağa görə SOCAR-a ödənişlərinin azalmasına səbəb olub.
“Qeyd olunanları nəzərə alaraq elektroenergetika müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması, “Azərişıq” ASC-nin alınmış elektrik enerjisinə görə “Azərenerji” ASC-yə, “Azərenerji” ASC-nin yanacağa görə, Dövlət Neft Şirkətinə yaranmış borclarının tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 dekabr tarixli 514 s nömrəli sərəncamına əsasən büdcə ssudası ayrılıb, 2016-2025-ci illər üçün “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Sərəncama əsasən, aparılan tənzimləmələr və ödənişlər nəzərə alınmaqla 01.01.2016-cı il tarixə “Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə borcu 49,6 milyon manat, “Azərenerji” ASC-nin Dövlət Neft Şirkətinə borcu 312 milyon manat təşkil edib”, - deyə hesabatda vurğulanıb.
Qeyd edək ki, dövlət zəmanətli kreditlər və onların faizləri “Azərenerji” ASC-nin maliyyə imkanları hesabına ödənilir və 2015-ci ildə bu məqsədlə 226,9 milyon manat, o cümlədən 192,5 mln. manat əsas məbləğ, 34,4 mln. manat faiz borcu ödənilib. Ümumilikdə 01.01.2016-cı il tarixə “Azərenerji” tərəfindən 2 mlrd. manatdan artıq (1,6 mlrd. əsas məbləğ, 0,4 mlrd. manat faiz) kredit borcu qaytarılıb. (Apa)