İqtisadiyyat / Karusel (12-05-2014, 21:01)
Azərbaycanın bank sektoru ciddi sınaq qarşısında
Bu sektorda yaranan problemlər hansı bankları sıradan çıxaracaq?
Azərbaycanın aparıcı banklarından sayılan «Bank of Azerbaican»nın müflisləşmə təhlükəsi yavaş-yavaş ciddiləşir. Belə ki, ötən həftə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, "Bank of Azerbaijan"ın müvəqqəti likvidlik problemi var: "Biz onu bilirik. Mərkəzi Bank "Bank of Azerbaijan"ın həm sahibləri ilə, həm də onun menecmenti ilə danışıqlar aparır. Biz ümid edirik ki, bu danışıqlar müvəffəqiyyətli olacaq".
Bəs, görəsən, Azərbaycanda daha hansı bankların müflisləşmə təhlükəsi var? «Bank of Azerbaijan»nın likvidlik problemi nədən qaynaqlanır?
Məsələni «Həftə içi»nə şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert Samir Əliyev deyib ki, «Bank of Azerbaijan» sıradan bir bank olmadığından bu maliyyə qurumun müflisləşməsi bank sektorunda ciddi fəsadlar yarada bilər: “Bu bank kiçik maliyyə qurumu deyil. Bankın ölkə üzrə 15 filialı, 38 bankomatı, 1 946 POS-terminalı var. Aktivlərinin həcmi 2014-cü ilin I rübündə 410 milyon manata yaxındır. Bank sektorunda bazar payına görə ilk 15-liyə daxildir. Bankın başına gələnlər ümumilikdə bank sektoru üçün təhlükədir. İnsanlar yavaş-yavaş bank sektoruna etibar etməyə başlayıblar. Bu tipli addımlar onları bank sektorundan qaçırır. Sabah insanlar kütləvi şəkildə pullarını banklardan çəksələr, bank sektoru çökə bilər».
Mərkəzi Bankdan «Bank of Azerbaijan»a dəstək gəlməsə…
Ekspert onu da qeyd edib ki, əgər sözügedən quruma Mərkəzi Bankdan dəstək gəlməsə, bu bankın gələcək fəaliyyəti sual altına düşəcək: «Hazırda Mərkəzi Bank «Bank of Azerbaijan»a likvidliklə bağlı müəyyən vəsait ayırmasa, bu qurum müflisləşməli olacaq. Çünki bankın böyük həcmdə borcları var. Eyni zamanda, bu qurum yüksək faizlə əmanətlər cəlb edib. Bankda təxminən 34 milyon manatlıq əmanət var ki, bunun da böyük hissəsi sığortalanmayıb. Təbii ki, sığortalanmayan əmənətlərin taleyi sual altındadır. Hər bir halda Mərkəzi Bankın yardımı olmasa, «Bank of Azerbaijan» bu problemləri həll edə bilməyəcək. Nəticədə isə ölkənin bank sektorunda ciddi fəsadlar müşahidə ediləcək».
«Royalbank»la «Bank of Azerbaijan»ı müqayisə edən Samir Əliyev bildirib ki, «Royalbank»la müqayisədə «Bank of Azerbaican»nın müflisləşməsi yerli bank sektoruna böyük zərbə olacaq: « «Royalbank» məsələsindən bank sektoru ciddi zərbə almadı. Bunun əsas səbəbi isə sığortalanmayan əmanətlərin daha çox xarici vətəndaşlara məxsus olması idi. Amma «Bank of Azerbaijan»da vəziyyət tamamilə fərqlidir və bu maliyyə qurumunda yerli əmanətçilərin sayı həddindən artıq çoxdur. Sözsüz ki, əgər bu qurum müflis olarsa, ilk növbədə bank sektoruna inamın azalmasına gətirib çıxaracaq. İkincisi, insanlar banklardakı əmanətlərini ya geri çəkəcəklər, ya da sığortalamaq məcburiyyətində qalacaqlar. Üçüncüsü, bu hadisə ölkədə nağdsız ödənişlərin genişlənməsinə mənfi təsir göstərəcək. Yəni, insanlar bank hesablarına və ya kartlarını yerləşdirilən pulu dərhal çıxarmağa çalışacaqlar ki, nəticədə nağdsız ödənişlərin həcmi dəfələrlə aşağı düşəcək. Bu baxımdan aidiyyəti qurumlar bank sektorunun inkişafına zərbə dəyməməsi üçün sözügedən bankın problemlərini aradan qaldırmasına dəstək olmalıdırlar».
Likvidlik problemi nədən qaynaqlanır?
«Bank of Azerbaijan»da likvidlik probleminin nədən qaynaqlanmasına gəlincə, ekspert bunu idarəçiliyin düzgün qurulmaması ilə əlaqələndirib. Samir Əliyev sözügedən bankın idarəetməsində ciddi problemlərin olduğunu xatırladır. Onun sözlərinə förə, kreditlər daha çox bankın sahibinin biznesinə yönəldilirdi ki, bu da bank qanunvericiliyi baxımından təhlükəli sayılır: “Çünki bank qanunvericiliyində göstərilir ki, kreditlər daha çox diversifikasiya olunmalıdır. Yəni, kredit vəsaitləri daha çox insan arasında bölüşdürülməlidir. Bu vəsaitlər bir qrup insana yönəldikdə problemlər meydana çıxır. Tutaq ki, həmin insanların biznes fəaliyyətində problemlər yaranır və kreditləri qaytara bilmir. Hazırda «Bank of Azerbaijan»da həmin proseslər gedir. Çünki bəlli məsələdir ki, bu bankın sahibləri biznes fəaliyyəti ilə məşğuldurlar. Amma indi onların biznes fəaliyyətində müəyyən problemlər var. Yəni, bank sahiblərinə məxsus şirkətlərdə maliyyə vəziyyətinin pisləşməsi bankın ümumi durumunu iflic səviyyəsinə çatdırıb».
6 bank zərərlə işləyir
Samir Əliyev onu da vurğulayıb ki, hazırda Azərbaycanda təxminən 6 bank zərərlə işləyir. Bu o demək ki, onlar öz xərclərini ödəyə bilmirlər. Ekspertin fikrincə, əgər bank zərərlə işləyirsə, deməli gəliri azdır. Belə olan halda əmanətlər üzrə götürdüyü öhdəliyi yerinə yetirməkdə çətinlik çəkə bilər, yəni müflisləşməyə doğru gedirlər: “Buna görə də bu banklar ya birləşməli, ya da müflisləşdiyini elan etməlidir.Bundan əlavə, bu ilin sonuna qədər Mərkəzi Bankın məcmu kapitalını yerinə yetirmək üçün qoyulan tələb yerinə yetirilməlidir. Bildiyiniz kimi, banklara məcmu kapitalını minimum 50 milyon manata çatdırılması tapşırılıb. Hazırda bu tələbi yerinə yetirməkdə çətinlik çəkən maliyyə təşkilatları mövcuddur. 43 bankın cəmi 25-i bu tələbə cavab verir. Əgər ilin sonunda Mərkəzi Bank müddəti uzatmasa, onların bağlanmasının şahidi olacağıq. Bu zaman qoyulan əmanətlərə təhlükə yarana bilər. Məncə, bu məsələdə əmanətçilərin özləri daha diqqətli olmalıdır. Yəni, hazırda müflisləşməsi gözlənilən bankların sayı 6-18 arasında dəyişir. Təbii ki, bu barədə daha dəqiq rəqəm ilin sonunda məlum olacaq. İndiki şəraitdə isə ən azı 6 bankın bağlanması gündəmdədir».
Bütün bankların fəaliyyəti araşdırılmalıdır
Məsələyə münasibət açınlayan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli «Həftə içi»nə bildirib ki, hazırda Azərbaycan banklarında vəziyyət o qədər də ürəkaçan deyil: «Bunu gizlətməyin mənası yoxdur. Mərkəzi Bankın sədri Elman Rüstəmov da öz açıqlamasında bəzi bankların problemləri olduğunu etiraf edib. Yəni, indi müəyyən banklar var ki, onlar «Bank of Azerbaijan»ın durumundadırlar. Hesab edirəm ki, Mərkəzi Bank təkcə adıçəkilən bankda deyil, digər banklarda da obyektiv monitoriqlər həyata keçirməlidir. Təbii ki, zərərlə işləyən bankların bu səviyyədə saxlanılmasına ehtiyac yoxdur və Mərkəzi Bank bununla bağlı xüsusi tədbirlər planı hazırlayaraq konkret addımlar atmalıdır».