Neftin qiymətinin kəskin ucuzlaşması xammal iqtisadiyyatına malik digər ölkələr kimi Rusiyada da vəziyyəti günbəgün ağırlaşır. Və bu ölkədə tanınmış iqtisadçılar, vaxtilə “şok terapiyası” adlanan radikal islahatların aparılmasında iştirak edənlər hökumət rəsmilərindən fərqli olaraq çox bədbin proqnozlar verirlər və praktiki olaraq gələcəyə ümid yeri qoymurlar.
Mediatv.az xəbər verir ki, Rusiyalı iqtisadçı, 90-cı illərdə sosial müdafiə nazirinin müavini işləmiş, hazırda isə Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini olan Yevgeni Qontmaker ölkə iqtisadiyyatının gələcəyini çox qaranlıq görür.
Onun fikrincə, «neft iynəsi»nin üzərində oturmuş Rusiya hələ də oradan düşməyi bacarmayıb. Ona görə də neftin qiymətinin düşdüyü və dünyada enerji resurslarına tələbatın azaldığı bir dövrdə bu dövləti «səssiz fəlakət» gözləyir. Rusiya hətta hazırkı sərhədlər daxilində mövcudluğunu saxlasa belə, onunla artıq kimsə hesablaşmayacaq: «Bir də görəcəyik ki, təbii ehtiyatlarımız, ilk növbədə isə neftimiz və qazımız qəpik-quruşa dəyəcək. Fantastika kimi görünən bu versiya, düşünürəm ki, tamamilə gerçək ola bilər. 10 il sonra bir barrelə 10-15 dolları biz çox yaxşı qiymət sayacağıq. Çünki onlara tələbat olmayacaq»-Qontmaker deyir.
Yevgeni Qontmaker
“Bizdə «fəlakət» deyəndə, ölkənin süqutunu, yaxud insanların küçələrə çıxması və vətəndaş müharibəsinin başlanmasını təsəvvür edirik. Amma zənnimcə, bizi bundan daha pisi – “səssiz fəlakət” gözləyir. Biz xəritə üzərində əvvəlki sərhədlər daxilində mövcudluğumuzu saxlasaq və nüvə dövləti olaraq qalsaq da, bizə xüsusi əhəmiyyət verən, bizimlə hesablaşan olmayacaq”.
İqtisadçının sözlərincə, Rusiya həmişə Sovet İttifaqının xiffətini çəkib. O Sovet İttifaqının ki, ikinci superdövlət kimi Amerika Birləşmiş Ştatları ilə rəqabət aparırdı. O vaxtdan statusun və təsirin itirilməsi prosesi gedir: «Əgər biz strateji məsələlərlə məşğul olub dərin islahatlar aparmasaq, bu proses davam edəcək. Həmin islahatlar Yeqor Qaydarın 90-cı illərdəki islahatlarından heç də az radikal olmamalıdır».
“Ancaq bu islahatları daha əvvəl – 2005-2007-ci illərdə, neft və qazın qiyməti yüksələn vaxtı etmək lazım idi”, -- deyə Qontmaker bildirir: “İndi isə həmin islahatları həyata keçirmək mümkün deyil. Çünki lazımi ehtiyatımız, sosial “yastıq”ımız artıq yoxdur. Ən vacib islahatlardan biri vergilərə, xüsusilə də kiçik və orta biznes üçün vergilərə yenidən baxmaq, sosial vergiləri azaltmaq olmalıdır. Lakin bu, büdcə fondu üçün itki demək olacaq. Pensiyalar və sosial təqaüdlər isə, bildiyimiz kimi, məhz bu fonddan ödənilir, səhiyyə bu fonddan maliyyələşdirilir”.
Ekspert deyir ki, sosial ehtiyat olsaydı, azalan büdcə gəlirlərini hansısa müddətə həmin vəsaitlə əvəz etmək olardı: «Amma bu gün belə vəsaitimiz demək olar ki, yoxdur, olan-qalanı da büdcəni yamamağa sərf edirik. Bu il neftin barrelinin orta qiyməti 30-35 dollar civarında olsa, Ehtiyat Fondumuz elə bu il tükənəcək. Qalacaq Milli Rifah Fondu, lakin o da bütünlüklə investisiya layihələri üçün bölüşdürülüb. Bizim xalqımız sosial öhdəliklərin azalmasına hazır deyil. Bu da illər boyu öz vədləri ilə xalqın başının altına yastıq qoyan Putin-in xidmətidir. Onun pulları sağa-sola xərcləməsi iqtisadi islahatlardan deyil, populist siyasətindən irəli gəlirdi”.
Digər tanınmış iqtisadçı, "Sberbank"ın rəhbəri German Qref əmindir ki, dünyada neftdən asılılıq erası texnologiyaların müasir inkişafı səbəbindən başa çatıb.
German Qref
"Bu gün deyə bilərik ki, bu era artıq keçmişdədir. Necə deyərlər, daş dövrü ona görə başa çatmayıb ki, daş qurtarıb. Neft əsri də, eynən beləcə, artıq bitib. Mən bilmirəm, bəlkə bir 10 il, bütün elektromobil infrastrukturu lazımi səviyyəyə gəlib çatana qədər onun qalıqları qalacaq... Mən ilk dəfə "Tesla" avtomobilinin sükanı arxasına keçəndə anladım ki, gələcək həmişəki kimi çox tez gəlib. Biz artıq o gələcəyin içindəyik. Cənablar, welcome to the future" - Qref bildrib.
Qref Çində bərpa oluna bilən energetikanın inkişafını nümunə göstərib. Çin hazırda dünyada ənənəvi enerji mənbələrinin ən böyük istehlakçısıdır. O, Çində külək, günəş, su və bioloji mənbələrdən əldə edilən enerjinin ümumilikdə 560 geqavatt olduğunu və bu rəqəmin Rusiya Federasiyasında istehsal olunan enerjinin ümumi həcmindən 2,5 dəfə çox olduğunu vurğulayıb.
German Qref iddia edir ki, Rusiyanın öz iqtisadiyyatını dünya reallıqlarına uyğunlaşdırmaq prosesində uduzub və beləliklə də "daunşifter" ölkələr sırasına düşüb.
"Səmimi danışmaq lazımdır, biz rəqabəti uduzmuşuq. Və bu texnoloji quldarlıqdır... Vaxtında adaptasiya oluna bilmiş və bu sahəyə investisiya qoymuş ölkələr bu gün qalibdirlər. Öz iqtisadiyyatını, bütün sosial sistemi və bütün təsisatları adaptasiya edə bilməmiş ölkələrsə güclü şəkildə uduzacaqlar. Aradakı uçurum keçən sənaye inqilabı zamanı olduğundan böyük olacaq," - deyə Qref bəyan edib. (“Azadlıq” radiosunun xülasəsi əsasında)