İqtisadiyyat (21-04-2015, 20:14)
Neft nə qədər bahalaşa bilər?
Ekspertlər hesab edirlər ki, ilin sonunadək «qara qızıl»ın qiyməti 60 dollar həddini keçməyəcək
Son günlər dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur. Hətta bir neçə gün ərzində «Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 65 dollara qədər bahalaşıb. Düzdür, dünən Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.15 dollar (0.27 faiz) azalaraq 56.23 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.21 dollar (0.33 faiz) ucuzlaşaraq 63.24 dollar olub.
Bununla belə, bəzi ekspertlər neftin qiymətindəki ucuzlaşmanın uzun müddət davam etməyəcəyini bildiriblər. Onların fikrincə, "qara qızılın" dünya bazarlarındakı qiymətlərinin dəyişməsi müvəqqəti xarakter daşıyır.
Bəs, görəsən, son günlər neftin qiymətində baş verən dəyişikliklər hansı səbəblərlə bağlıdır? Neftin yenidən bahalaşması gözləniləndirmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Həftə içi”nin əməkdaşı ilə söhbətində deyib ki, neftin dünya bazarındakı qiymətinə həm iqtisadi, həm də siyasi faktorlar təsirgöstərir: «Danılmaz faktdır ki, praktiki olaraq neftin dünya bazarındakı qiymətinin formalaşmasında siyasi və geosiyası vəziyyət öz rolunu oynayır. Aprel ayında neftin qiymətində baş verən artımlar ABŞ-da neftə olan tələbatın artması ilə əlaqədardır. Eyni zamanda təbii ki, Yəməndə baş verən hadisələr də öz təsirini göstərdi. Güman olunur ki, neftin dünya bazarındakı qiyməti yaxın müddət üçün 60 dollar ətrafında dəyişəcək. Artıq ABŞ-da neftə olan təlabat artmaqda davad edir. İqtisadi baxımdan tələbatın artması neftin qiymətinin yüksəlməsinə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, neftin qiymətində olan artımlara təsir həm də İrana olan saksiyalara görə, dəyişə bilər. Onun sözlərinə görə, bütövlükdə neftin dünya bazarındakı qiymətini proqnozlaşdırmaq çox çətindir: “Amma bununla yanaşı güman olunur ki, hələlik bu qiymət 60-70 dollar arası olacaq. Növbəti dönəmdə isə bu qiymətlər birbaşa tələbatdan və ABŞ-ın bu istiqamətdə siyasətindən asılı olacaq".
Proseslər göstərir ki…
Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, son günlər neftin qiymətində müşahidə olunan qiymət dəyişikliyi Yəmən və İranla bağlı gedən siyasi proseslərlə əlaqədardır. Onun sözlərinə görə, hazırda neftin qiymətinə iqtisadi amillərdən daha çox siyasi faktorlar təsir göstərir: «Məsələn, İrana qarşı sanksiyalar bu ilin iyunun 30-da aradan qaldırıla bilər. Yəni, İranın faktiki olaraq bazara nefti 2015-ci ilin ikinci yarısından buraxa biləcəyi gözlənilir. Amma bu o demək deyil ki, İran bu gün və ya sabah öz neftini dünya bazarına çıxara bilər. İkinci bir tərəfdən düyməni basmaqla bir milyon barel nefti dünya bazarına çıxarmaq faktiki olaraq real deyil və ABŞ öz neft sənayesini bununla çökdürməyi də planlaşdırmır. Artıq bazar iştirakçıları 2015-ci il üçün təhlil edərək bu qənaətə gəliblər ki, bu ildə İran bazara real olaraq 300-400 min barel neft verə biləcək, çünki bu dondurulmuş quyular ki var, onları istifadəyə vermək çətin deyil, sadəcə ora investisiya qoymaq lazımdır. Bu, vaxt aparan bir prosesdir. Bunun nəticəsində dünya bazarına real olaraq 300-350 min barel neftin atılması bazarda hansısa böyük bir dəyişikliyə səbəb olmayacaq. Neftin real qiyməti 55-57 dollar arasında qərarlaşacaq”.
Dünən birjalarda neftin nisbətən ucuzlaşmasına da aydınlıq gətirən ekspert bu dəyişikliyi Amerika Neft İnstitutunun açıqladığı hesabatla əlaqələndirib. İlham Şaban Amerika Neft İnstitutunun (API) hesabatına əsaslanaraq deyib ki, 2015-ci ilin martında neft hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq gündə 9.32 milyon barel təşkil edib. Onun sözlərinə görə, bu, 1973-cü ilin fevralından sonra ən yüksək göstəricidir: “Yəni, API-nin məlumatına görə,ABŞ-da qaz kondensat hasilatı keçən ay 9 faiz artaraq gündə rekord həddə – 3 milyon barelə çatıb. Martda neft tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 3.4 faiz artaraq gündə 19.2 milyon barel təşkil edib. Digər tərəfdən martda ABŞ-da neft ehtiyatları 2014-cü ilin martı ilə müqayisədə 22 faiz artaraq 468,7 milyon barel təşkil edib. Benzin ehtiyatları 4.9 faiz artaraq 231,8 milyon barel təşkil edib. Martda neft emalı 15.9 milyon barel olub ki, bu da bu ay üçün rekord göstəricidir. Yəni, bütün bu məlumatlar birjaya təsirini göstərib. Bu baxımdan proseslər göstərir ki, bu ilin üçüncü rübündə neftin qiyməti 53-54 dollar civarında dəyişəcək. Amma ilin dördüncü rübündə qiymət dəyişikliyi ola bilər. Bu isə mövsümlə bağlı olacaq. Çünki havaların soyuması neftə olan tələbatı artıra bilər ki, bununla da qiymətin nisbətən bahalaşcağı gözləniləndir».
İndiki qiymət vəziyyəti dəyişən hədd sayılmır
Məsələyə münasibət bildirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə neftin indiki vəziyyətinin ölkə iqtisadiyyatına təsir imkanlarına toxunaraq qeyd edib ki, neftin bahalaşması və indiki qiyməti vəziyyəti dəyişəcək hədd sayılmır. Ekspert “Həftə içi”nə bildirib ki, neft martın ortalarından başlayaraq, son aylarda itirdiyi mövqeləri bərpa etməyə çalışır: “Aprelin 10-dan isə dayanmadan üzü yuxarı gedir. Azərbaycanın milli valyutasının məzənnəsi də neftin qiymətindən birbaşa asılıdır. Neftin qiymətinin hərəkət trayektoriyasından asılı olaraq, manat da hərəkət edir. Məsələn, neftin indiki qiyməti manat üçün sabitlik vəd etmir. Manatın son günlər bahalaşmasını da daha çox Mərkəzi Bankın psixoloji olaraq, bazarı sakitləşdirmək siyasəti kimi qiymətləndirmək olar. Fevral devalvasiyasına rəğmən Mərkəzi Bankın valyuta ehtiyatlarının mart ayında 14 faiz azalması manata təzyiqin güclü olduğunu göstərir. Hətta mart ayında neftin bir qədər bahalaşması, dolların isə cüzi ucuzlaşması da təzyiqi azalda bilmədi. Çünki manata ən böyük təzyiqi hazırda panika yaradır. Bu təzyiq yaxın aylarda da davam edəcək. Sonra sakitləşəcək. Əgər neftin qiyməti 70 dollar həddini keçərsə, manatın məzənnəsində sabitlik yarana bilər”.
Sevinc