İqtisadiyyat (28-12-2015, 15:40)
Azərbaycandan kapital axını güclənəcək
Fevral ayında ilk devalvasiyadan sonra hər həftəsonu valyuta satışında məhdudiyyətlər müşahidə edilir.
Mediatv.az xəbər verir ki, ötən həftəsonu bu, dekabrın 21-də ikinci devalvasiyadan sonra dolların yüksələn məzənnə artımı fonunda çaxnaşmaya səbəb oldu.
Bu barədə “İqtisadi Təşəbbüslərə Yardım” QHT rəhbərinin müavini Rövşən Ağayev Turan-ın müxbiri ilə söhbətində bildirib.
Valyuta bazarında ajiotajın əsasını dollara tələbatın artması və təklif qıtlığı təşkil edir.
Xarici valyutanın əsas tədarükçüsü olan Mərkəzi Bank dollar ehtiyatlarının kəskin azaldılmasının qarşısını almaq üçün təklifi məhdudlaşdırmaq qərarına gəlib. Valyuta qıtlığı “qara bazar”ın dirçəlməsinə səbəb olb..
R.Ağayev vətəndaşların və biznes sahəsinin öz vəsaitlərinin dəyərsizləşməkdən qorumaq üçün dollar almaq cəhdlərini təbii hesab edir.
Vəziyyətin necə inkişaf edəcəyi barədə sualın cavabında R.Ağayev deyib ki, ölkədən kapital axını güclənəcək, buna görə də dollara tələbat yüksək olacaq.
Azərbaycan manatına və iqtisadiyyata inam çox sarsılıb. Odur ki, maliyyə resurslarının sahibləri kapitalı xaricə çıxararaq daşınmaz əmlak, depozitlər və digər aktivlərə yatıracaqlar.
Bunu əsasən külli miqdarda pul ehtiyatı toplamış məmur-oliqarx qrupları edəcək. Onlar ilk növbədə dollar alırlar ki, bu da valyuta qıtlığına əsas səbəb olub.
Buna inzibati yolla mane olmaq olarmı? Bu sualın cavabında R.Ağayev deyib ki, artıq ölkədən 20 mindən çox dolların çıxarılmasına gizli nəzarət var.
Lakin, gömrük və sərhəd nəzarət sistemlərində şəffaflığın olmamasını nəzərə alaraq, güman etmək olar ki, kapital sahibləri nəzarət edən strukturlara həmin məbləğdən müəyyən faiz ödəyərək bu məhdudiyyətlərdən yan keçə bilər.
Öz növbəsində İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, valyuta ajiotajının səbəbi çox çevik əriməkdə olan “neft qabarcığı” üzərində qurulan ölkə iqtisadiyyatının “xəstəliyi”dir.
Hətta Qazaxıstan və RF kimi neft ölkələri böhrana ən yaxşı şəraitdə daxil oldular. Belə ki, 2014-cü ilin yekunlarına görə, Azərbaycanda ÜDM-də neft-qaz sektorunun payı 43,4 %, Qazaxıstanda 25%, Rusiyada 18% təşkil edib.
İxracda neftin və qazın payı Azərbaycanda 93,4%, Qazaxıstanda 65,1%, Rusiyada 63,1% təşkil edib.
Q.İbadoğlu vəziyyətdən çıxış yolunu islahatlarda və hökumətdə ölkəni böhrandan çıxara biləcək yeni islahatçı komandanın yaradılmasında görür.
Əgər iqtisadiyyat sağlamlaşdırılmasa, manat bərpa olunmayacaq, Q.İbadoğlu özünün Facebook səhifəsində yazır.