İqtisadiyyat (15-05-2015, 20:27)
“Manat uzun müddət inzibati qaydada tənzimlənəcək”
Samir Əliyev: “Milli valyutanın üzən məzənnəyə keçməsi yaxın dövrlərdə real deyil”
Milli valyuta olan manat son günlər cüzi bahalaşıb. Ekspertlər bildirirlər ki, manatın üzən məzənnəyə keçməsi yaxın dövrlərdə də real deyil. Yəni milli valyuta uzun müddət inzibati qaydada tənzimlənəcək.
Ekspert Samir Əliyevin sözlərinə görə, may ayının ilk yarısında manat 0,14 faiz möhkəmlənib: “Mərkəzi Bank manata “süni nəfəs” verir. Elə bunun nəticəsidir ki, milli valyutamız az da olsa, özünə gəlməyə başlayıb. Manatın dollara nisbətən rəsmi məzənnəsi devalvasiyadan sonra ən yüksək səviyyəyə çatıb. Mərkəzi Bankın bu günə olan açıqlamasına görə, 1 dollar 1,0472 manata bərabərdir.
Devalvasiyadan sonra manatın ən aşağı səviyyəsi aprelin 13-də olub. O zaman 1 dollar rəsmi olaraq, 1,0537 manata qədər bahalaşmışdı. Həmin dövrdən sonra manatın möhkəmlənməsi tendensiyası müşahidə edilib. May ayının ilk yarısında manat 0,14 faiz möhkəmlənib.
Avro da son günlər bahalaşır. Ancaq hələlik devalvasiyadan sonrakı pik həddinə çatmayıb. Devalvasiya günü avro 1,1950 manata qədər bahalaşmışdı. Sonrakı günlərdə kəskin rəqslər etməyə başladı. Hətta martın 17-də özünün ən aşağı həddinə - 1,1081 manata qədər ucuzlaşdı. May ayı başlayandan dolların ucuzlaşması fonunda avro eyni zamanda Azərbaycanda da mövqeyini möhkəmləndirir. May ayında 2,6 faiz bahalaşaraq, 1,1946 manata yüksəlib”.
Ekspertin sözlərinə görə, dollar və avronun mövcud durumu həmin valyutaların dünya bazarlarındakı məzənnələrindən qaynaqlanır: “Son dövrlərdə dollar zəifləməkdə davam edir. Dollar əsas valyutalara münasibətdə kəskin ucuzlaşır. Dolların indeksi son 4 ayda ən aşağı həddə düşərək, 93,26-ya bərabər olub. Amerika iqtisadiyyatı ilə bağlı optimist proqnozların özünü doğrultmaması, FED-in uçot dərəcələrini qaldırmaması dolları zəiflədən amillərdir. Avronun bahalaşması isə Avropa fond bazarında baş verən canlanma, xüsusilə də Almaniya fondlarına güzəştlərin tətbiqi ilə bağlıdır. Britaniya funtu da dollara nisbətən son 6 ay üçün maksimum səviyyədədir”.
S.Əliyev həmçinin, qeyd edib ki, dolların ucuzlaşması fonunda neftin bahalaşması manata dəstək verir: “Bunun nəticəsidir ki, Mərkəzi Bank manatın cüzi də olsa, bahalaşdırır. Ancaq bu bahalaşma nəzərəçarpacaq dərəcədə deyil və bir qayda olaraq, valyuta dəyişmə məntəqələrində müşahidə olunmur. Bəyan etmələrinə rəğmən, manatın üzən məzənnəyə keçməsi yaxın dövrlərdə real deyil. Uzun müddət manat inzibati qaydada tənzimlənəcək. Çünki neftdən asılı valyutaların üzən məzənnəyə keçməsi mənfi fəsadlar yarada bilər. Əhalinin kütləvi şəkildə dollar alışı müşahidə edilməsə də, Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki templə azalmaqda davam edir. Təsadüfi deyil ki, ötən ay ehtiyatın həcmi 1 milyard dollardan çox azalıb. Əsas bankımız ilin 4 ayında ehtiyatının 39 faizini və ya 5,4 milyard dollarını itirib. Ehtiyatın “əriməsi” onunla bağlıdır ki, ölkədən sürətli kapital axını mövcuddur. İri sahibkarların həbsi kimi hadisələr kapital axını daha da sürətləndirəcək. Bu isə manat üçün güclü təzyiq vəd edir. Ona görə də, manatın mövcud bahalaşmasının uzunmüddətli və əhəmiyyətli olacağını ehtimal etmək çətindir. Hər şey neftin qiymətinin hərəkət istiqamətindən və hökumətin addımlarından asılı olacaq”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, dünya bazarında avronun dollara məzənnəsində müşahidə edilən yüksəliş Avropa pulunun Azərbaycanda da bahalaşmasına səbəb olub: “Mərkəzi Bankı 21 fevral məzənnəsi istisna olunmaqla valyuta dəyişmə məntəqələrində avro son 5 ildə ən baha kursla satılır. Avronun manata nisbətən möhkəmlənməsi təbii ki, bu ilin fevralında milli valyutamızın məzənnəsinin aşağı düşməsi ilə də birbaşa bağlıdır. Avropa pulunun dünya bazarında bahalaşmasının əsas səbəbi bu həftə açıqlanan ABŞ-ın aprel ayı üçün pərakəndə satış rəqəmlərinin neqativliyi ilə əlaqədardır. Kifayət qədər bədbin rəqəmlər Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı proqnozların neqativləşməsinə və bununla da dolların dünya bazarında mövqelərinin zəiflənməsinə səbəb oldu. Praktik olaraq, dolların son illərdəki möhkəm məzənnəsi digər aparıcı ölkələrin, eləcə də Avrozonanın mərhələli sağalmasına təsir göstərdi. Nəticədə ixrac imkanları məhdudlaşan ABŞ-da makroiqtisadi proqnozlara düzəlişlər edildi.
Belə ki, bu həftə Birləşmiş Krallıq və Avstraliyada da milli valyutaların məzənnəsində möhkəmlənmə qeydə alındı. Digər tərəfdən, Yunanıstanın da borc öhdəliklərini mərhələli yerinə yetirməsi də avronun məzənnəsinə müsbət təsir göstərməyə başlayıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının mayın 13-dəki açıqlamasında Avrozona iqtisadiyyatının aprel ayında 1,0 faiz artdığı bildirildi. Bu isə sözügedən zonada rüblük 0,4 faiz artıma nail olunması deməkdir. Avropa iqtisadiyyatı üçün tam rəqəmli artım indiki məqamda avropalılar üçün o qədər də arzuolunan rəqəm hesab edilə bilər. Bu, eyni zamanda Avropanın vahid valyutasının məzənnəsinə müsbət təsir göstərməkdədir. İngiltərə Bankının avrozonadan kənarda qalan Böyük Britaniya üçün açıqladığı nikbin rəqəmlər də dünya bazarında dollara təzyiqi artırdı”.
Ekspertin sözlərinə görə, hələlik investorlar avroya böyük həcmdə vəsait yönəltməyə tələsmirlər: “Belə ki, ABŞ-da aprel ayı üçün rəqəmlərin pisləşməsinin bu ölkənin qərb sahilində pis hava şəraiti ilə də izah edilir. Buna görə də may ayının yekunların investorların qərarlarına təsir göstərəcək. Bununla yanaşı, uzun müddət mövqeləri möhkəm qalan dolların ABŞ üçün “baş ağrısı”na çevrilməsi şübhəsizdir. Buna görə də, güman olunur ki, Vaşinqton dolların mərhələli zəiflənməsində maraqlı olacaq. Hələlik isə, kəskin azalmalar proqnozlaşdırılmır”. (musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024