İqtisadiyyat (22-06-2015, 21:52)
Avro kəskin bahalaşa bilərmi?
Ekspertlər hesab edirlər ki, bu valyuta növündə müşahidə olunan artım qısamüddətli dövrü əhatə edəcək
Son günlər Azərbaycanda avronun bahalaşması müşahidə edilir. Belə ki, iyunun 22-də Azərbaycanda dollar ucuzlaşıb, avro isə bahalaşıb. «Həftə içi» Mərkəzi Banka istinadən xəbər verir ki, iyunun 22-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0473 (iyunun 19-u 1.0474) manat səviyyəsində müəyyən edilib. Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1921 (iyunun 19-u 1.1911) manat olub.
Bəs görəsən, Azərbaycanda avronun bahalaşmasına səbəb nədir? Avronun məzənnəsində kəskin artım baş verə bilərmi?
Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, ABŞ-ın Federal Rezerv Bankının son qərarı Azərbaycanın valyuta bazarına da öz təsirini artıq göstərib. Onun sözlərinə görə, avronun məzənnəsində artımlar yaxın günlərdə də davam edəcək, amma bu, uzunmüddətli xarakter almayacaq: «Avronun digər valyutalara nisbətdə bahalaşması gözlənilən idi. Bu proses may ayında da müşahidə edilmişdi. Həmin dövrdə Avropa pulunun dünya bazarında bahalaşmasının əsas səbəbi ABŞ-ın aprel ayı üçün pərakəndə satış rəqəmlərinin neqativliyi ilə əlaqədar idi. Çünki kifayət qədər bədbin rəqəmlər ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların neqativləşməsinə və bununla da dolların dünya bazarında mövqelərinin zəifləməsinə səbəb oldu. Praktik olaraq, dolların son illərdəki möhkəm məzənnəsi digər aparıcı ölkələrin, eləcə də avro zonanın mərhələli sağalmasına təsir göstərdi. Nəticədə ixrac imkanları məhdudlaşan ABŞ-da makro-iqtisadi proqnozlarına düzəlişlər edildi. Digər tərəfdən, Yunanıstanın da borc öhədliklərini mərhələli yerinə yetirməsi də avronun məzənnəsinə müsbət təsir göstərməyə başladı. Eyni zamanda, Avropa Mərkəzi Bankının mayın 13-dəki açıqlamasında avro zona iqtisadiyyatının aprel ayında 1,0 faiz artdığı bildirildi. Bu isə sözügedən zonada rüblük 0.4 faiz artıma nail olunması deməkdir. Avropa iqtisadiyyatı üçün tam rəqəmli artım indiki məqamda avropalılar üçün olduqca arzu olunan rəqəm hesab edilə bilər. Bu eyni zamanda, Avropanın vahid valyutasının məzənnəsinə müsbət təsir göstərməkdədir. İngiltərə Bankının avro zonadan kənarda qalan Böyük Britaniya üçün açıqladığı nikbin rəqəmlər də dünya bazarında dollara təzyiqi artırdı. Bir neçə gün əvvəl isə ABŞ-ın Federal Rezerv Bankı uçot dərəcəsini artırmaqdan imtina edərək, 0-0,25 faiz səviyyəsində saxlaması avro üçün növbəti imkanlar açdı».
Ekspert onu da bildirib ki, hələlik investorlara avro ilə yatırım etməyə tələsmirlər. Vüqar Bayramovun fikrincə, Vaşinqton dolların mərhələli zəiflənməsində maraqlı olacaq. Hələlik isə kəskin azalmalar proqnozlaşdırılmır. Eyni zamanda, avronun məzənnəsində kəskin artımlar gözlənilmir: “Çünki Avrozonada baş verən ənənəvi proseslər də avronun bahalaşmasına mane olur. Yunanıstanda borc öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problemlər qalmaqdadır. Bu da imkan vermir ki, avronun məzənnəsində kəskin artımlar olsun”.
Ekspert qeyd edir ki, avronun məzənnəsinin yüksəlməsi, manatın dollara nisbətdə məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq: “Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Yəni bu o deməkdir ki, Azərbaycan ikivalyutalı məzənnə siyasətinə keçib. Bununla avronun valyuta səbətində payı artıb”.
İqtisadçı ekspert Rəşad Həsənov da “Həftə içi”nə açıqlamasında deyib ki, Azərbaycanda avronun bahalaşması beynəlxalq valyuta birjalarında baş verən proseslərlə bağlıdır. Onun sözlərinə görə, hələ bir müddət avro dollara nisbətən möhkəmlənməkdə davam edəcək: «Əslində bir necə gün bundan əvvələ kimi dollar digər valyutalara nisbətdə daha möhkəm idi. Çünki valyuta bazar iştirakçıları hesab edirdilər ki, ABŞ-ın Federal Rezerv Bankı uçot dərəcəsini artıracaq. Ona görə də dollar valyuta bazarında mövqelərini qoruyurdu. Amma ABŞ Federal Rezerv Bankı uçot dərəcəsini artırmaqdan imtina edərək 0-0,25 faiz səviyyəsində saxladı. Bu qərar istər-istəməz birjalara təsir göstərdi. İndi beynəlxalq valyuta bazarında avro bahalaşmaqda davam edir. Təbii ki, bu ilin fevral ayında Mərkəzi Bankın valyuta siyasətində dəyişiklik edərək bivalyuta səbətinə keçid etməsi Azərbaycanda avronun dollara və manata nisbətdə möhkəmlənməsini açıq şəkildə göstərir. Lakin böyük ehtimallara bu bahalaşma qısamüddətli dövrü əhatə edəcək. Proqnozlara görə, sentyabrdan sonra avronun məzənnəsində yenidən ucuzlaşma gözlənilir ki, bu da Azərbaycanın valyuta bazarına təsir edəcək».
Sevinc