İdman (3-04-2022, 09:05)
“Başqa yarış olsaydı, onu vurardım” - Erməni ilə qalmaqal yaşayan güləşçimiz
“Erməni idmançını keçən il Avropa çempionatında da məğlub etmişdim. Düşünürəm ki, qəsdən belə edirdi. Yəni ki, mən də əl-qol atım, yarışdan çıxarsınlar”.
Bunu Azərbaycan güləş yığmasının üzvü Taleh Məmmədov deyib.
Təcrübəli güləşçi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma yarışlarının yarımfinal mərhələsində erməni rəqibi Hraçya Poqosyanın ona qarşı etdiyi təxribatdan danışıb:
“Məğlubiyyətə dözməyib, idmançıya yaraşmayan hərəkət elədi. Mənim ermənilərə qarşı kinim, nifrətim o qədər böyükdür ki, heç yerdə onlara keçmərəm. Bəlkə, başqa yarış olsaydı, mən də onu vurardım. Amma finalın bir addımlığında səbr etməliydim. Kənardan məşqçilərim Həsən Əliyevlə Rövşən Bayramov məni sakitləşdirdi. Qələbəmlə onun tərbiyəsizliyinə cavab verdim.
Yarışdan sonra üz-üzə gəlsəydim, ona sözümü deyərdim. Amma hara getdiyini heç görmədim. Həmin günün səhəri üz-üzə gəldik, başını aşağı salıb, keçdi yanımdan”.