İdman (26-04-2014, 11:42)
Premyer Liqanın ən pis komandası
İngiltərə Premyer Liqasında 2013/14 mövsümünün uğursuz futbolçularından ibarət "11-liy"i hazırlanıb
Mediatv.az Goal.com-a istinadən həmin siyahını təqdim edir:
Qapıçı
Maarten Stekelenburq (Fulhem)
Yayda 5 milyon avro qarşılığında "Roma"dan "Fulhem"ə transfer olunan qapıçı 21 matçda qapısında 48 qol görüb. Feliks Mataq baş məşqçi postuna gəldikdən sonra o, sadəcə 3 matçda forma geyinə bilib.
Müdafiəçilər
Kris Sallinq (Mançester Yunayted)
David Moyes tərəfindən həm sağ cinahda, həm də mərkəzdə oynadılan futbolçu etimadı doğrultmadı.
Nathan Baker (Aston Villa)
"Aston Villa"nın 22 yaşlı oyunçusu bu mövsüm sadəcə 1:0 qazanılan "Çelsi" matçında özünü göstərə bildi. Qalan oyunlarda isə sadəcə xəyal qırıqlığı oldu.
Fernando Amorebieta (Fulhem)
Mövsümün əvvəlində "Atletik"dən "Fulhem"ə azad agent kimi transfer olunan oyunçu 21 Premyer Liqa matçında forma geyinib. "Hall Siti"yə 0:6 və "Sanderlend"ə 1:4 hesablı yenilgilər də daxil olmaqla meydana çıxdığı əksər matçda özünü ən pis tərəfdən göstərə bilib.
Ali Sissoko (Liverpul)
"Liverpul" bu mövsüm son illərin ən yaxşı oyununu sərgiləyir. Ancaq Jose Enrikenin zədələnməsindən sonra bütün gözlərin çevirildiyi "Valensiya"dan icarəyə götürülən Sissoko keçmiş günlərinə yaxınlaşmağı belə başarmadı və yerini Con Flanaqan verməli oldu.
Yarımmüdafiəçilər
Məhəmməd Diame (Vest Hem)
Bir il əvvəl adı "Tottenhem" və "Arsenal"la anılan futbolçunun bu mövsüm (Vest Hem"in hücum xəttinin liderinə çevirilməsi gözlənilirdi. Amma o, şans qazandığı matçlarda bu vəzifənin öhdəsindən gələ bilmədi.
Marouane Fellaini (Mançester Yunayted)
Transferin son günündə tez-tələsik 33 milyon avroya "Everton"dan transfer edilən oyunçu "Mançester Yunayted"dəki təzyiqi qaldıra bilmədi. 15 Premyer Liqa matçında forma geyinən belçikalı futbolçu nə bir qol vura bildi, nə də qol ötürməsi verdi.
Tom Klevepley (Mançester Yunayted)
24 yaşlı futbolçu bu mövsüm 21 Premyer Liqa matçında meydana çıxıb, amma nə hücuma, nə müdafiəyə normal şəkildə dəstək verə bilib. Hətta İngiltərə millisinin dünya çempionatı üçün heyətinə salınmaması məqsədi ilə azarkeşlər 19 min imza toplayıb.
Hücumçular
Rikki vant Volfsvinkel (Norviç)
10.3 milyon avro qarşılığında "Sportinq"dən transfer edilən futbolçu "Norviç" forması ilə sadəcə bir qol vura bilib.
Jozi Altidore (Sanderlend)
"Alkmaar"da 23 qol vurduqdan sonra transfer olunduğu "Sanderlend"də cəmi 1 dəfə fərqlənməyi bacarıb.
Papiss Sisse (Nyukasl)
"Nyukasl"a transfer olunduğu ilk yarım mövsümdə 14 oyun keçirib 13 qol vuran futbolçu ötən mövsüm 8 dəfə fərqlənməklə karyerasının eniş dövrünü yaşadığının mesajını vermişdi. Bu mövsüm isə o, rəqib qapılarına cəmi 2 dəfə yol tapıb.