İdman (5-09-2015, 15:36)
"Meydançaya girəcəyimi gözləyirdim"
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə qolsuz bərabərliyə qalan Azərbaycan millisi sabah Maltanın qonağı olacaq. Milli.Az bildirir ki, millimizin hücumçusuRauf Əliyev apasport.az-a verdiyi müsahibədə bu oyunları dəyərləndirib.
- Xorvatiya ilə heç-heçə çoxları üçün sürpriz oldu. Siz necə, buna inanırdızmı?
- Əvvəla qeyd edim ki, uşaqlar çox yaxşı oynadılar, Xorvatiya kimi güclü komandadan vacib 1 xal aldılar. Matçdan öncə çoxu Xorvatiya yığmasından xal almağın mümkün olmadığını düşünürdü. Ancaq komandamız sona qədər mübarizə apardı və futbolda hər şeyin mümkün olduğunu göstərdi. O ki qaldı sualınıza, əlbəttə ki, inanırdım. İnam olmayan yerdə heç vaxt uğur olmaz.
- Meydançaya çıxmamağınız nə ilə bağlı idi?
- Heç bir problem yox idi. Sadəcə, baş məşqçinin qərarı belə idi.
- İkinci hissədə Xorvatiya yığması bütün qüvvə ilə irəli atılanda mübarizəyə qoşulacağınızı gözləyirdik. Ancaq sona qədər ehtiyatda qaldınız...
- Açığı, mən özüm də meydançaya girəcəyimi gözləyirdim. Buna hazır idim də. Amma məşqçi fərqli seçim edirsə, buna mən də deyə bilərəm? Məşqlərimi səylə davam etdirib əsas heyət uğrunda mübarizə aparmalıyam.
- Qolsuz bərabərlik o qədər böyük uğur idi ki, futbolçular buna dəhşətli dərəcədə sevinirdilər?
- Əlbəttə uğurdu. İlk görüşdəki nəticəni nəzərə alsaq, Bakıda Xorvatiya milliisindən 1 xal almaq çox yaxşı nəticədi.
- Maltadan hansı nəticə ilə dönəcəyimizi gözləyirsiz?
- Qrupda bizim əsas rəqibimiz Malta sayılır. Evdə onlara qalib gəlmişik, çalışacağıq səfərdə də bunu təkrarlayaq.
- Xorvatiya kimi güclü rəqiblə matçdan sonra Malta ilə oyuna uyğunlaşmaq çətin olmayacaq?
- Malta özü də zəif komanda deyil. İtaliya yığması onları hər iki matçda 1:0 hesabı ilə məğlub edə bilib. Üstəlik, səfərdə çıxış edəcəyik və dincəlməyə də vaxt olmayacaq. Təbii ki, çətindi.
- Rauf Əliyevin bu mövsümdəki çıxışı özünün ürəyincədimi?
- Şükür Allaha, klubun heyətində hər oyunda meydançaya çıxıram. Baş məşqçi mənə güvənir. İnanıram ki, bundan da yaxşı olacam. Yəqin vaxt keçdikcə hər şey yoluna düşəcək.
