İdman (17-08-2015, 12:36)
“Ona “mandraj”dasan”, “özünə gəl” dedim”- Hüseynov
Dünən Topaz Premyer Liqasında 2-ci turun oyunları keçirilib. “Xəzər Lənkəran” səfərdə “Sumqayıt”la üz-üzə gəlib və matça 1:1-lik bərabərliklə yekunlaşıb.
Oyundan sonra cənubluların baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında hakimlikdən narazı qaldığını bildirib: “Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. “Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır.
Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər. Ciddi bir şey olmadı. Sadəcə, hakim sanki özünü itirmişdi. Mən də ona “deyəsən “mandraj”dasan, özünə gəl” dedim”.
