Hadisə (7-01-2015, 20:23)
Kafedə müştəri digər müştərini bıçaqladı - TƏFƏRRÜAT
Ülvi Səfərov, saxlanılan şəxs: «Söydü, mən də vurdum. Həyatımı növbəti dəfə məhv etdiyim üçün peşmanam»
Binəqədi qəsəbəsi yeni yaşayış massivində yerləşən kafedə sərxoş gənclər arasındakı mübahisə qanlı sonluqla nəticələnib. Belə ki, kafeyə pivə içməyə gələn Kürdəmir rayon sakini, 23 yaşlı Ülvi Səfərovun davranışı digər masada əyləşən gənclərin xoşlarına gəlməyib. Sərxoş dostlar Ülvi Səfərovun ünvanına nalayiq söyüşlər işlədəndə o, özünü saxlaya bilməyib. Ülvi kafedən götürdüyü bıçaqla Bakı şəhər sakini Rəhim Həsənova ağır bədən xəsarətləri yetirib: «Onlar dörd nəfər idi, mən isə tək idim. Oturub pivə içirdim. Onlar da oynayırdılar. Mən heç fikir vermirdim. Birinci durdu söyüş söydü mənə. Dedim get də. Sonra çıxanda, dördü də birdən çıxdı - arxalarınca getdim. Söyüş söyəndən soruşdum ki, niyə söyürsən? Başladı mənə var-yox söyüşü söyməyə, mən də getdim bıçağı götürdüm, gəldim vurdum».
Bundan əvvəl Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, dələduzluq maddələri ilə məhkum olunmuş Ülvi Səfərov sonuncu məhkumluğundan sonra cinayətdən uzaq olmağa çalışıb. Ancaq kafedə tanımadığı şəxslər tərəfindən ünvanına işlədilən söyüşü qəbul edə bilməyib, o yenidən cinayətə əl atmaq məcburiyətində qalıb: «Yetkinlik yaşına çatmamış cinayətlər törətmişəm. Peşman olmuşam. İstəyirdim çıxandan sonra yeni həyata başlayım, özümə ailə həyatı qurum. Amma bu cinayətdə söyüb vurmuşam, ona görə nə peşmançılıq. Belə peşmanam ki, öz həyatımı yenə məhv elədim də. Vurmağıma görə isə peşmançılıq yoxdur».
Qeyd edək ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rəhim Həsənovun həyatını həkimlər xilas edə biliblər. Cinayəti törətməkdə şübhəli bilinən Ülvi Səfərov isə özü könüllü Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək cinayət törətdiyi bıçaqla birlikdə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır. Artıq saxlanılan Ülvi Səfərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbsxana həyatına yenidən qayıtmalı olan Ülvi Səfərov azadlığa çıxmasını ən azı 3 il gözləməli olacaq.