Hadisə / Slayd (17-12-2016, 13:32)
İtkin düşmüş neftçilərin yaşayış bloku aşkarlanıb
Bu gecə itkin düşən neftçilərin axtarış işləri zamanı hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində bəzi parçaları qırıq vəziyyətdə olan itkin düşmüş neftçilərin yaşayıb bloku aşkarlanıb.
Mediatv.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin “Facebook” səhifəsində qeyd olunub.
Bildirilib ki, dalğıclar yaşayış blokunun içərisinə daxil olaraq müşahidə aparıblar: “Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Axtarış işləri davam etdirilir”.
Qeyd edək ki, ötən gün bir budka da aşkarlanıb. Budka gəminin göyərtəsinə qaldırıldıqdan sonra onun soyunub-geyinmə budkası olduğu müəyyənləşib.
Xatırladaq ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator
Dekabrın 15-də axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb.
Axşam saatlarında onun nəşi “Qaradağ-8″ gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib və ötən gün dəfn olunub.