Hadisə (12-04-2014, 14:45)
Prezident təqaüdçüsünün evindən 26 min oğurlandı
Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilindən külli miqdarda pul, qızıl və müxtəlif ev əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin müvafiq qurumları və Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində məlum olub ki, evdən oğurluq edən şəxs Əhmədabad kənd sakini, 1971-ci il təvəllüdlü, əvvəllər oğurluq və xuliqanlıq cinayəti ilə məhkum olunmuş Umudov Elşən Malik oğludur.
Elşən Umudov 2013-cü ilin aprel ayından başlayaraq 2014-cü ilin mart ayının əvvəllərinə qədər olan dövr ərzində Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilinə qanunsuz daxil olaraq oradan təxminən 26 min manat, qızıl və müxtəlif ev əşyalarını oğurlayıb.
Həmin şəxs saxlanılıb və barəsində Sabirabad rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, evi qarət olunan Fatma Hüseynova SSRİ dövründə məşhur pambıqçı, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olub. F.Hüseynova hazırda Sabirabad rayonu Qaratəpə kənd bələdiyyəsinin sədri, Prezident təqaüdçüsüdür.