Hadisə (11-09-2015, 19:30)
Yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var
Lənkəranda bir nəfərin yaralanması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də saat 17.20 radələrində Ələt-Astara magistralının 211-ci kilometrliyində, yolun rayonun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayonunun Siyəkü kənd sakini Qəni Əmir oğlu Paşayevin idarə etdiyi "Mercedes - 1835" markalı, 90 KL 110 dövlət nömrə nişanlı ağır tonajlı yük maşını Lənkəranın Ürgə kənd sakini, 1983-ci il təvəllüdlü Rauf Əlişah oğlu Ağayevin idarə etdiyi "VAZ Priora" markalı, 99 GA 157 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilinə ciddi ziyan dəyib. Onun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.