Hadisə (20-06-2015, 14:40)
NATO-nun İrəvan seminarında TANAP söhbəti
Trans-Anadolu Qaz Kəmərinin (TANAP) inşası haqda qərar “Şah dəniz” Azərbaycan konsorsiumu tərəfindən qəbul edilib.
Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə iyunun 20-də, NATO Parlament Assambleyasının İrəvanda keçirilən 89-cu “Rose-Roth” seminarının üçüncü, axırıncı gününün gedişində London Kinqs Kollecinin eksperti, xanım Treysi Cerman bildirib.
İtaliya parlament nümayəndə heyətinin üzvü Robert Morasutanın ona ünvanladığı “niyə Ermənistan Cənubi Qafqazdakı energetik layihələrin həyata keçirilməsinə cəlb edilməyib” sualını cavablandıran ingiltərəli ekspert daha sonra deyib: “Razıyam ki, qazın nəqlinin ən qısa yolu Ermənistandan keçə bilərdi. Ancaq geosiyasi reallıqlar burada öz rolunu oynayıb” – qeyd edib analitik.
Xatırladaq ki, TANAP anlaşması 2012-ci il, iyunun 26-da İstanbulda imzalanıb. İlkin mərhələdə bu xətt üzrə 16 milyard kub metr mavi yanacaq ötürülməlidir – 10 milyard Avropa, 6 milyard isə Türkiyə üçün.