Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (19-05-2015, 21:37)
Abutalıbovun “penoplast“ları 17 nəfəri öldürdü

 

Bakıda 16 mərtəbəli binada dəhşətli yanğın olub. Dəhşətli yanğın 17 nəfər can aldı

Bu gün Binəqədi rayonunun ərazisində, Azadlıq prospektində yerləşən 289 N-li binada dəhşətli yanğın hadisəsi baş verib. Yanğın binanın əsasən fasad hissəsini əhatə edib.

Yanğının həddindən artıq güclü olması, yanğınsöndürənlərin işini də çətinləşdirdi. 10-dan çox yanğınsöndürən maşın, 20-yə yaxın təcili tibbi yardım avtomobilləri əraziyə cəlb edilmişdi. Yanğın əsasən yuxarı mərtəbələrdə daha güclü olduğu üçün FHN əməkdaşları həmin mərtəbələrə qalxmaqda çətinlik çəkirdilər. Buna görə də, yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürən helikopterlər cəlb edildi.
Helikopterlər azı 20 dəfə yanan binaya su tökərək, alovun qarşısını almağa çalışdılar. Binanın fasadı "penoplast"la bəzədilmiş olduğu üçün yanğın həddən artıq güclü idi. 
Binanın tez alışmasının və belə faciənin baş verməsinin əsas səbəbi "penoplast" materialıdır. Xatırladaq ki, Xətai rayonunda baş verən yanğının da geniş vüsət almasına səbəb "penoplast" idi. 
Bir müddət sonra yanğın ərazisinə xüsusi helikopterlər cəlb edildi. FHN-nin əməkdaşları binaya helikopter vasitəsi ilə daxil oldular. Bundan sonra otaqlarda çarəsiz qalmış digər sakinlər də xilas olunmağa başlandı. Onlardan bəziləri üçün artıq gec idi...  
Yanğın zamanı ölənlərin sayı getdikcə çoxalmağa başlayırdı. Hər dəqiqə yeni yaralı və ölüm xəbərləri gəlir, bayırda gözləyən ailələr isə göz yaşları içində yaxınlarından alacaqları məlumatları gözləyirdilər. 
Onlardan birinin qışqırığı daha dəhşətli idi: "Buraxın məni... Oğlum içəridə qalıb. Ruslan, Ruslan... Oğlum... Öləcək, öləcək oğlum..." 
Gənc ata oğlu üçün narahat idi. Binaya girib, övladını xilas etmək istəyirdi. Amma bu çox təhlükəli olduğu üçün polislər onu binaya buraxmırdılar.
Onu da qeyd edək ki, həlak olanlardan biri yanaraq deyil, özünü binanın yuxarı mərtəbəsindən yerə atdığı üçün həyatını itirib. Onun özünü binadan aşağı atmasının əsas səbəbinin yanğından qorxması ilə bağlı olduğu bildirilir.
Binanın həyətində olan şəxsi minik avtomobilləri də yararsız hala düşdü. Yanğın zamanı qırılan pəncərələrin şüşələri, yanmış və ya ərimiş “penoplast”lar, güclü su şırnaqları maşınların üzərinə tuş gəlirdi.
Ümumilikdə dəhşətli yanğın zamanı 17 nəfər həyatını itirdi. 61 nəfər bina sakini isə yanğından xəsarət aldı. Ancaq bu rəqəmlərin arta biləcəyi hələ də istisna deyil.
Onların bəziləri böyük və kiçik ölçüdə bədən xəsarətləri almışdılar. Digərləri isə tüstüdən zəhərlənmişdilər. Binadan çıxarılan sakinlərin ailələrini tapmaq üçün təcili tibbi yardım qrupları səsgücləndirici ilə bir-bir yaralıların ad və soyadlarını deyirdilər. 
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, həlak olanlardan bəzilərinin adları məlumdur: "Artıq onlardan bəzilərinin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızıdır (60 yaş)". 
Bina sakinlərindən aldığımız məlumata görə, onlar binanın fasadı "penoplast"la bəzədilən zaman etiraz ediblər, amma faydası olmayıb: "Burada "təmir" işləri aparanda biz səsimizi qaldırdıq. Etiraz etdik. Amma faydası olmadı. Yenə də bu “bəzəmə” işlərini davam etdirdilər. Bütün bina sakinləri buna etiraz etsəydilər, indi belə olmazdı. Qısa müddət ərzində bina demək olar ki, təmiz yandı. Hamısı da, bu "penoplast"a görədir. Ətrafdakı bütün binalar bu materialla bəzədilib. Onları da bu hal gözləyir". 
Yanğın baş vermiş binanın sakinlərindən biri isə deyir: "Mən 4-cü mərtəbədə yaşayıram. Evdən çıxıb, iş dalınca getdim. Qayıdanda gördüm binamız yanır. Evdən çıxmağımla, qayıtmağımın arasında cəmisi 20 dəqiqə var idi. Amma bina artıq dəhşətli şəkildə yanırdı. İçəri girməyə çalışdım, amma girə bilmədim. Bizim ailənin üzvləri artıq bayıra çıxmışdılar. Bizim mənzil çox da yanmayıb. Amma digər mənzillərdə heç bir əşya salamat qalmadı. Ölənlər də qonşularımızdır. Onların çoxu ikinci blokda yaşayanlardır".
Hökumət rəsmiləri də hadisə yerinə gəlmişdilər. Daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov yanan binaya baş çəkərək, öz tapşırıqlarını verdilər. 
"Yanğına görə məsuliyyət daşımırıq"
Binəqədi rayon İcra Hakimiyyəti baş verən güclü yanğına görə məsuliyyəti öz üzərindən atıb. İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov AzVision-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür: “Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.
Yanğınla bağlı ilk həbs qərarı verildi
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Eləcə də, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumat üçün bildirək ki, adıçəkilən şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir. Bu haqda “azvision” yazıb. Sayt bildirir ki, şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb. “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xəqani Bəşirovdur. Xəqani Bəşirov eyni zamanda Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir. Həmin cəmiyyətlə də əlaqə yaratmaq cəhdlərimiz alınmadı. 
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin cəmiyyətlə uzun müddətdir ki, əlaqə yaratmaq mümkün deyil: “Uzun müddətdir ki, həmin cəmiyyətin sədri bizimlə əlaqə saxlamır. Çünki ya yerini, ya da telefon nömrəsini dəyişib. Bizim hazırda bu təşkilatın hansı ölkədə fəaliyyət göstərməsindən məlumatımız yoxdur. Bütövlükdə cəmiyyətin sədri və fəaliyyətindən xəbərsizik”.
Rəsmilərdən açıqlamalar...
Əli Həsənovdan yanğınla bağlı sərt açıqlama: "Cəzalandırılacaqlar"
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün baş verən yanğınla bağlı açıqlama verib: "Prezident Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq. Pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək".
Səhiyyə Nazirliyi də yanğının nəticələri barədə rəsmi məlumat yayıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər (Musavat.com bildirir ki, qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 17 nəfərə çatıb) dünyasını dəyişib. 
Yaralıların əksəriyyəti, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. 
Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdiriliblər. 10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. 
Səhiyyə nazirinin müavinləri də xəstəxanalarda olublar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Bakının Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişlər. 
Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib. Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunmuş, 37 nəfər xilas edilib.
Təxminən saat 14 radələrində yanğın lokallaşdırılıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub. 
İsa Qəmbər: "Ölkədə matəm elan olunmalıdır"
Yanğın hadisəsi ilə bağlı Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də açıqlamalar verib. 
O, bu barədə Meydan TV-yə danışıb. İsa Qəmbər deyib ki, mütləq matəm elan olunmalıdır, çünki böyük faciə baş verib. Onlarla insan həlak olub, xəsarət alanlar var, onlarla ailə faciə yaşayır və bütün xalq bu itkinin təsiri altındadır.(musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024