Hadisə (21-03-2015, 22:56)
Tələbənin öldüyü klinikada aparat işləməyib - İddia
Bakıda “StarMed” klinikasında tələbənin ölüm səbəbi haqda yeni məlumat yayılıb.
Analitik.az-a daxil olan məlumata görə, pasientin ölümünün səbələrindən biri tibbi avadanlıqlarla bağlıdır.
Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Leyla Mürsəlova burnundan əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. Sayt isə yazır ki, klinikalarda istifadə olunan tibbi avadanlıqların standartlara uyğun olması vacib şərtdir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycanda tibbi avadanlıqların akkreditasiyası, kalibrləşdirilməsi, onlara nəzarət mexanizmi yox səviyyəsindədir: “Azərbaycanda 20 minə qədər tibbi avadanlıq var ki, həmin cihazlar minimum ildə bir dəfə etalonla tutuşdurularaq kalibrləşdirilməlidir. Təəssüf ki, Azərbaycanda bu qədər tibbi cihazı kalibrləşdirən etalon yoxdur”.
Qeyd edək ki, hadisə “StarMed” klinikasında martın 18-də qeydə alınıb. “StarMed”in fəaliyyəti dayandırılıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib.