Gündəm (28-02-2014, 18:31)
“İsa Qəmbəri özümə “kumir" bilirdim”
Müsavat partiyasının Suraxanı rayon şöbəsinin qurucularından olan Mahmudov Rəhim Mahmud oğlu “Azadlıq” qəzetinin redaksiyasına gələrək ailəlikcə Müsavatdan istefa verdiklərini və mübarizəni AXCP sıralarında, Milli Şura çətiri altında aparacaqlarını bildirdi.
“20 ildən artıqdır ki, bütün ailə üzvlərimiz Müsavatın vəsiqəsini daşıyır. Yaşadığımız ərazidə hər kəs bizi tanıyır və əqidəmizə, müxalifətçiliyimizə bələddilər. Atam 1-ci qrup əlildi, 78 yaşı var. Ancaq bu yaşlı adam da gecə-gündüz Müsavat partiyasının təbliğatı ilə məşğul olurdu. 2003-cü ildə Isa Qəmbərin seçkilərində öndə gedən, təzyiqlərlə üzləşən, onun namizədliyini müdafiə edənlərdən biri olmuşam. Müsavat Milli Şuradan gedənə qədər, Isa Qəmbəri özümə ”kumir" bilirdim. Biz başa düşürük ki, Milli Şuradan kənarda qələbə yoxdur. Əminəm ki, bunu Isa Qəmbər də bilir. Ona görə bütün ailəmiz Müsavatın addımını xəyanət kimi qiymətləndirir. Sabunçu rayonunda Müsavatın təşkilatlanmasında canımızı qoymuşuq. Indiki halda məlum olur ki, bizim əziyyətimiz, zəhmətimiz hədər imiş. Hansısa maddi maraqlar qarşılığında Milli Şuranı tərk etmək, insanların böyük imidlərinə zərbə vurmaq bağışlanmazdır. Hələ bir müddət öncə bizə deyirdilər ki, Müsavat Milli Şuradan gedəcək. Biz isə inanmırdıq. Ancaq zaman göstərdi ki, öz şəxsi ambisiyaları üçün deyil, xalqın maraqları naminə mübarizə aparanlar Milli Şurada təmsil olunur.
Biz öz mübarizəmizə AXCP sıralarında, Milli Şura çətiri altında davam edəcəyik. Biz müsavatçılıq ideyasına sadiqik.. Ancaq Isa Qəmbərin Müsavatı bizim üçün artıq yoxdur və partiya sıralarından istefa veririk. Fürsətdən istifadə edib bütün Suraxanı müsavatçılarını və Qarabağ qazilərini Milli Şura ətrafında birləşməyə, əsl mübarizə insanları ilə çiyin-çiyinə olmağa çağırıram".