Siyasət (6-02-2014, 11:30)
Sərdar Cəlaloğlu: “Siyasətdə satqın anlayışı yoxdur”
“Bir zamanlar Milli Şuraya üzv olmayanları satqın adlandırdılar, indi isə bu qurumdan çıxanları”
Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavatla AXCP arasındakı konfliktlərdən danışarkən belə deyib.
Onun sözlərinə görə, siyasətdə satqın anlayışı yoxdur: “Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak etmək, AXCP və müttəfiqləri isə seçkiləri baykot etmək niyyətindədir. Hesab edirəm ki, onlar arasında mübarizəni şərtləndirən əsas amil də elə budur. İndiki məqamda onların bir-birini satqınlıqda ittiham etməsi absurddur. Peşəkar siyasi fəaliyyətlə məşğul olan liderlərin bu cür bayağı ittihamlar səsləndirməsi gülüş doğurur. Müsavat indiki məqamda Milli Şurada olmaq istəmir. İstəyir ki, bələdiyyə seçkilərində iştirak etsin. Bu Müsavatın hadisələrə baxışı, öz siyasi texnologiyasıdır. AXCP və müttəfiqləri isə fərqli fikirdədir. Burada qınanılası, ittiham ediləsi bir şey yoxdur. Onların düşüncəsinə görə, bunların yanında olanlar “vətənpərvər”, olmayanlar isə xəyənatkardır. Bu kökündən yanlış yanaşmadır”.