Gündəm (10-11-2014, 14:34)
Partiya sədrindən təbrik
Bu gün “Yeni Müsavat” qəzetinin ilk sayının dərc olunmasından 25 il ötür. Bu münasibətlə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu və qəzetin bütün kollektivini təbrik edib.
“Mediatv.az”ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli Rauf bəy, sizi və qəzetin bütün kollektivini 25 illik yubiley münasibəti ilə təbrik edir, işlərinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu gün Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının inkişafında özünəməxsus yeri olan, regionun ən iri tirajla çap olunan, söz, mətbuat azadlığı, Azərbaycanın demokratikləşməsi uğrunda daima və yorulmadan mübarizə aparan, həmişə haqqı tapdalananların arxa-dayağı, haqq yolunda olanların səsi olan, Azərbaycan jurnalistikasına çoxlu sayda tanınmış, peşəkar jurnalistlər bəxş edən, Azərbaycanın müstəqilliyini qazandığı dövrdən bu günə qədər Azərbaycan tarixini yazan və tarixə çevrilən bir qəzetin, “Yeni Müsavat ” qəzetinin 25 yaşı tamam olur.
“Yeni Müsavat ” qəzeti fəaliyyət göstərdiyi müddətdə bütün təqib və təzyiqlərə, dəfələrlə bağlanmaq təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, öz kollektivinin mübarizliyi sayəsində fəaliyyətini davam etdirməyə nail olub. İnanırıq ki, bundan sonra da qəzetin kollektivi öz əzmkarlığı sayəsində bütün çətinlikləri, maneələri aşaraq öz sevimli oxucularını “Yeni Müsavat”sız qoymayacaq.
Hörmətli Rauf bəy, bir daha Sizi və qəzetin bütün kollektivini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərinizdə uğurlar diləyirəm.