Gündəm (22-02-2014, 18:30)
“Rüşvətə qarşı mübarizənin önündə əsas maneə elə rektor özüdür”
“Tələbələr heç bir təyziqdən çəkinməməli, həmrəy olmalı, öz hüquqlarını qorumalı və cəmiyyətin bütün təbəqələri də bu məsələdə onlara ciddi dəstək verməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli son günlər gündəmdə olan tələbələrin aksiyasına münasibət bildirərkən deyib.
Uzun müddətdir ki, ölkə əhalisinin böyük əksəriyyəti öz problemlərinin həlli üçün tək başına mübarizə aparmaq xəttinə üstünlük verib. Hüquqları pozan tərəfin mütəşşəkkil olması nəticəsində, tək başına aparılan mübarizələr daim nəticəsiz bitib. Kimi öz taleyi ilə barışıb, kimisi qeyri-qanuni yollara baş vurub, kimisi isə intihar edib. Nəhayət cəmiyyət xaricdə baş verən ictimai-siyasi hadisələrdən, dəyişikliklərdən ciddi nəticə çıxarmaqdadır. Getdikcə öz həddini aşan məmur özbaşınalığı, hüquqsuzluqlar insanları təngə gətirib. Tək başına mübarizənin nəticəsiz olduğunu anlayan insanlar birgə və kütləvi etirazlara meyl edirlər. Avtoritar rejimlərdə hüquqların qorunmasının və bərpa edilməsinin ən optimal yolu birgə mübarizədir. Bakı Dövlət Universitetinin tələbələrinin təşkil etdiyi etiraz aksiyasını bu baxımdan çox müsbət qiymətləndirirəm. Bu gənclərin öz hüquqlqrını kollektiv şəkildə qorumaq nümunəsidir.
BDU-nun tələbəsi olan gənc qızın təhsildəki rüşvət halları ilə bağlı sualına rektorun belə reaksiyası yolverilməzdir. Bu neqativ hallarla bağlı danışmaq istəyən tələbənin təşəbbüsünü bogmaq və şikayət edənlərin qorxudulması cəhdidir. Həmçinin, belə bir göstəriş olubsa ki, tələbə məhkəməyə verilsin, deməli rüşvətə qarşı mübarizənin önündə əsas maneə elə rektor özüdür. Rektorun bu yanaşması dötlət başçısının rüşvətlə mübarizə ilə bağlı bəyan etdiyi siyasi iradəyə qarşı açıq müqavimətdir. Rektor ya cəzalanmayacağına əmindir, ya da prezidentin bəyanatı onun üçün ciddi əhəmiyyət daşımır.
Tələbələrin bu etiraz aksiyası mənə öz tələbəlik illərimi xatirlatdı. 1988-ci ildə başlanmış tələbə hərəkatının ilk rüşeymi məhz BDU-dan başlandı, digər təhsil ocaqlarına və bütün ölkəyə yayılaraq xalq hərəkatına çevrildi. Haqsızlığa, ədalətsizliyə qarşı mübarizədə bu vacib ənənə çox yaxşı ki, bu gün də davam edir.
Tələbələr heç bir təyziqdən çəkinməməli, həmrəy olmalı, öz hüquqlarını qorumalı və cəmiyyətin bütün təbəqələri də bu məsələdə onlara ciddi dəstək verməlidir.