Gündəm (12-10-2018, 15:00)
Bayılda sürüşmə prosesi aktivləşdi, Badamdar-"20-ci sahə" yolu bağlandı
Bayılda - Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə - Badamdar yolu bağlanılıb, maşınların hərəkətinə icazə verilmir.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, 2012-ci ilin 1 dekabrında Badamdar-20-ci sahə avtomobil yolunun sağ cinahında baş vermiş sürüşmə prosesinin yayıldığı sahənin eni 180-220 metr, uzunluğu 200-250 metr arasında, qırılma qaşının hündürlüyü 9-10 metr olub. Həmin sürüşmə sahəsinin qarşısının alınması məqsədilə bu ərazidə 2013-cü ildə uzunluğu təxminən 150 metr olan istinad divarı tikilib, yamacda müəyyən hamarlaşma işləri aparılıb:
"Biz uzun müddət idi ki, həmin ərazidə monitorinq işləri aparırdıq. Bu vaxta qədər ciddi dəyişiklik hiss etməmişdik. Lakin oktyabrın ilk günlərində monitorinq zamanı kütlə üzərində yeni çatların, qırılmaların, kütlənin ilk səthində kiçik gölməcələrin yarandığı aşkarlandı. Eyni zamanda, 2013-cü ildə istinad edilmiş istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var. Bu barədə biz oktyabrın 3-də müvafiq orqanlara məlumat verdik ki, həmin yerdə yenidən gərginlik müşahidə edilir. Həmin proses bu gün daha da gərginləşib və sürüşmə prosesinin dinamikasında ciddi gərginlik müşahidə edilir".
Hazırda bu prosesin aktiv fazada olduğunu və davam etdiyini deyən Ə.Qaralov qeyd edib ki, bu gün baş nazirin müavini Hacıbala Abutalıbov başqa olmaqla, bır sıra dövlət orqanlarının nümayəndələri əraziyə baş çəkiblər. Ərazi ilə hazırlanan ETSN tərəfindən hesabat dövlət orqanlarına təqdim ediləcək.
Qeyd edək ki, sürüşmə ilə əlaqədar Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.