Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (24-06-2014, 11:00)
Putinin İlham Əliyevə zənginin sirri

 

Kremlin sahibi İlham Əliyevə telefon açdı; Rusiyanın məhz indiki vaxtda fəallaşmasını canıyananlıq kimi izah etmək sadəlövhlük olardı; Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi üçün razılıq istəyir; Ermənistan gizli danışıqlardan narahatdır

 

Krımın ilhaqından sonra Qərblə “soyuq müharibə” vəziyyətində olan Rusiyanın son aylar Qafqazda xeyli fəallaşması və Qarabağ problemi ilə bağlı məsələni tam nəzarətinə almaq niyyəti getdikcə daha qabarıq ortaya çıxır. Kreml emissarlarının Bakıda sanki gizli istehkam qururmuş kimi ard-arda səfərlərinin pərdəarxası yalnız Azərbaycan hakimiyyətinə məlumdur. Prezidentlə bağlı qapılar arxasında hansı məzmunlu danışıqların aparıldığı haqda təbii ki, ictimaiyyət məlumatsızdır.
Bu səfərlərin əsl məqsədinin konturlarını cızmağa çalışan müstəqil media iki mühüm məsələni qeyd edir: Kremlin Azərbaycanı Avrasiya İttifaqına qoşmaq istəyi və Qarabağ probleminin həlli. Daha sadə dildə yazsaq, Rusiya istəyir ki, Azərbaycan Avrasiya İttifaqına qoşulsun. Bundan sonra isə Moskva Dağlıq Qarabağ probleminin həllində yardımçı olsun. 
Azərbaycanın Rusiyanın ciddi basqısı altında olduğu barədə məlumatları rəsmi Bakı təkzib edir. Azərbaycanın hansısa ittifaqlara qoşulmayacağını xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında da sözarası deyib. Amma aydındır ki, Rusiya Azərbaycandan istədiyi güzəştləri qoparmasa, heç vaxt Qarabağ məsələsində erməniləri yerində oturtmayacaq.           
İyunun 23-də Rusiya prezidenti Vladimir Putin  Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Rusiya prezidenti ilə İlham Əliyevin telefon danışığında Dağlıq Qarabağ probleminin nizama salınması prosesini müzakirə olunub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda o da bildirilir ki, danışıq zamanı regionun gündəliyindəki əsas məsələlər də  müzakirə edilib. Rusiya tərəfi problemin sülh yolu ilə həlli üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib. 
Bu məlumatı Kreml administrasiyası yaydığı üçün aydın olur ki, telefon danışığı Rusiya prezidentinin təşəbbüsü ilə baş tutub. İqtisadi sanksiyalarla üzləşən və Ukrayna ilə sərhədində müharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda Rusiya prezidentinin Dağlıq Qarabağ məsələsində bu dərəcədə həssaslığı haqlı suallar doğurur. Rusiya Minsk Qrupunun həmsədridir və problemin həllinə diqqət yetirməlidir. Amma Rusiyanın məhz indiki vaxtda fəallaşması və prezidentin Bakıya zəngini Kremlin canıyananlığı kimi izah etmək sadəlövhlük olardı. 
Daha bir mühüm detal: Dağlıq Qarabağ danışıqlarında axı nə baş verib ki, Rusiya prezidenti Azərbaycanlı həmkarına zəng etməli olub? Aydındır ki, prezidentlər yalnız o halda təmas etməyi vacib bilirlər ki, hansı məsələdə ya ciddi problem olsun ya da hansısa razılaşma... Prinsipcə, dəyişən heç nə yoxdur. Ermənilər cəbhədə yenə atəşkəsi pozur, Ermənistan rəhbərliyi isə yenə də qeyri-konstruktiv davranışından əl çəkmir. Bəs nə baş verir ki, artıq prezidentlər səviyyəsində məsələ müzakirəyə və gündəmə çıxır? 
Rusiya xarici işlər naziri Sergey Lavrov da iyunun 23-də İrəvanda  erməni həmkarı Edvard Nalbəndyanla danışıqlardan sonra bəyan edib ki, Moskva həm ikitərəfli formatda, həm də Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır. “Problemin həlli üçün baza var, prinsiplər var və mühümdür ki, bu prinsiplər razılaşdırılıb. İndi onların faktiki həyata keçirilməsinin parametrlərini və nizamlanmanın ardıcıllığını işləyib hazırlamaq lazımdır” deyə, Lavrov bildirib.
Rusiya xarici işlər naziri Moskvanın prezidentlər arasında birbaşa dialoqun davamına və mövcud “ziddiyyətlərin həllinə” çalışacağını deyib. “Rusiya münaqişənin həllini yaxınlaşdıran istənilən səyləri dəstəkləyir. Fransalı həmkarlar bütün nizamlama prinsiplərinin praktiki dilə çevrilməsinə kömək edəcək ideyalar irəli sürürlər” deyə, nazir əlavə edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, onlar da öz tərəflərindən bütün səyləri göstərəcəklər və “hazırlanmış görüşlər nə qədər müntəzəm olsa, nə qədər çox səy göstərilsə, proses o qədər dinamik xarakter alacaq”.
Lavrov əlavə edib ki, Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə də dəstək verməyə hazırdır. Rusiya xarici işlər naziri bu barədə jurnalistlərin sualına cavab olaraq bildirib. O əlavə edib ki, bu məsələdə əsas söz tərəflərindir. (Virtualaz.org)
Xatırladaq ki, Fransa prezidenti Fransua Olland bu ilin mayında Bakıya və İrəvana səfərləri zamanı Qarabağ münaqişəsi tərəflərinə münaqişənin nizamlanmasına dair təkliflər təqdim edib. Həmin təkliflər barədə mətbuata heç nə məlum deyil.
Bununla belə, məlumdur ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini həmin təkliflərə dair danışıqlar aparmaq üçün Parisə dəvət edib. Azərbaycan tərəfinin bu danışıqlara razı olduğunu göstərən əlamətlər var. Ermənistanın isə Ollandın təkliflərinə necə yanaşdığı məlum deyil.
Digər tərəfdən, Lavrovun bəyanatı Rusiyanın da bu təkliflərə müsbət baxdığını və Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların bərpası üçün Fransa ilə işləməyə hazır olduğunu göstərir. Belə olan halda Ukrayna böhranından sonra keçmiş sovet məkanında mövqelərini sürətlə itirməkdə olan Birləşmiş Ştatların Qarabağ münaqişəsində fəallaşmaq cəhdləri boşa çıxmış olur.
Bu ilin mayında Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ölkəsinin Qarabağ münaqişəsinin həllinə dair mövqeyini açıqlamışdı və Vaşinqton danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd göstərmişdi. Lakin Vaşinqtonun təşəbbüsünə nə Bakıdan, nə də İrəvandan dəstək gəlmədi.
Rusiya ilə rəsmi Bakının Dağlıq Qarabağla bağlı gizli danışıqlarının olduğunu erməni politoloqu da təsdiqləyib.  Stepan Qriqoryan  deyib ki, “Ermənistandan təhlükəsizliklə bağlı paket aldıqdan sonra Rusiya bütün məsələləri Azərbaycanla həll etməyə başladı”. O, Ermənistanın bölgədə artıq faktor olmadığını bildirib: “Ermənistan hazırda fakt qarşısında qalıb. Çünki 3 sentyabrda (Sərksiyan həmin tarixdə Ermənistanın Gömrük İttifaqına üzv olmasına razılıq verib - red.)  biz faktiki olaraq ”ya, ya da" siyasətindən imtina etdik. Biz bütünlüklə Rusiyaya təslim olduq. Bizdən təhlükəsizliklə bağlı paket aldıqdan sonra Rusiya bütün məsələləri Azərbaycanla həll etməyə başladı. Artıq Ermənistan Qafqazda heç bir rol oynamır. Rusiya bizsiz Qarabağı Azərbaycanla müzakirə edir. Görünür, Rusiya Azərbaycan neft və qazını öz ərazilərindən keçirməyə cəhd edir. Moskva Bakının Avrasiya İttifaqına inteqrasiyası proseslərində iştirakını istəyir və bunun qarşılığında Qarabağ məsələsində güzəştə getməyə hazırdır".
Rusiya prezidentinin Azərbaycanın dövlət başçısına zəngini şərh edən politoloqlardan biri redaksiyamıza sensasion sayıla biləcək bir məlumat verib. Politoloq deyib ki, Lavrovun Bakı səfərində bağlı qapılar arxasında əsas müzakirə edilən məsələ Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi olub. Rusiya Azərbaycandan bunun üçün icazə istəyir. Mənbəmizin iddiasına görə, Rusiya təkqütblü dünyada yeni bir güc mərkəzi kimi özünü təsdiq etmək niyyətindədir və bunun üçün ən uyğun yer də Azərbaycan, daha doğrusu, Dağlıq Qarabağdır: “Rusiyanın mövqeyi artıq Ermənistanı narahat etməyə başlayıb və Kremlin rəsmi Bakı ilə danışıqları barədə Sərkisyana heç nə deyilmir. Ermənistanın siyasi elitası Kremldən indi çox narazıdır. Cəbhə bölgəsində tez-tez atəşkəsin pozulması və diversiya qruplarının mövqelərimizə basqınları bu narazılığın əlamətləridir. Rusiya bu təxribatların kökünü bilir. Amma ermənilərin bu cığallığı da Kremlin maraqlarına uyğundur deyə hələ Ermənistana təpinmir”. 
Rusiya prezidentinin qəfil zənginin başqa səbəbləri də ola bilər. Məlumdur ki, Avrasiya İqtisadi İttifaqının təsisçisi kimi Putun Azərbaycana bu quruma qoşulmaq üçün məktub göndərib. Azərbaycan rəhbərliyi isə yalınız şöbə müdirləri səviyyəsində Avrasiya İttifaqına “hələ ki yox...” deyirlər. Prezidentin bu məsələdə mövqeyi isə açıqlanmayıb. Başqa bir mühüm məsələ isə Bakıda iyunun 23-də ATƏT-in öz işinə başlayan sessiyasında Rusiya ilə bağlı qətnamənin qəbulunun planlaşdırılmasıdır. Kreml bu müzakirələrdən narahatdır və postsovet ölkələrinin bu qətnaməyə necə səs verəcəyini maraqla gözləyir. O ölkələrin sırasında Azərbaycanın da mövqeyi var...

(musavat)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024