Siyasət (31-05-2014, 14:13)
Dağlıq Qarabağda panika yaranıb
“Rusiya Azərbaycanın da Avrasiya İttifaqına daxil olması üçün çalışacaq”
Bu iddia ilə öz yazısında Ermənistan jurnalisti Naira Ayrumyan çıxış edib.
O, Moskvanın Avrasiya İttifaqını tanınmamış ölkələrlə genişləndirəcəyini deyib:
“Rusiya Prezidenti Vladimir Putin Moskvada Serj Sərkisyanla görüşmədi. Bəlkə də buna səbəb var idi. Moskvanın hazırda müttəfiqlərinin sayı azdır. Ola bilsin ki, Avrasiya İttifaqını yeni, tanınmamış ölkələrlə genişləndirəcək. Bunun üçün isə ən yaxşı variant hələlik Abxaziya və Dnestryanıdır. Qarabağa gəlincə isə, burada müəyyən problemlər yaranır. Qarabağ hələ də İttifaqa daxil olmaqdan ötrü sənədlə müraciət etməyib. Çox güman ki, bundan sonrakı iki həftə bunun ətrafında ciddi danışıqların getməsinə səbəb olacaq. Paralel olaraq, Rusiya Azərbaycanın da bura daxil olması üçün çalışacaq.
Görünür, İlham Əliyevin də məktubu bununla əlaqədar idi. O tələb edirdi ki, Ermənistan beynəlxalq aləmdə tanınmış sərhədlər daxilində təşkilata qəbul olunsun, bunun da sayəsində sonradan Bakı qərar qəbul etsin. Hələlik isə bu sərhədlərə Qarabağ daxil deyil. Əvvəllər də avropalı nümayəndələr Əliyevə sərhədlərin açılması təklifini vermişdilər. Azərbaycan bu variantdan imtina etmişdi. Görünür, Rusiya Azərbaycana hansısa vədlər verib. Başqa bir variant isə Rusiya tərəfindən bölgədə konfliktin eskalasiyası və Azərbaycana silah satışı ola bilər. Bu isə Qarabağda kifayət qədər panika yaradıb”.