Gündəm (10-02-2014, 16:19)
Əli Əhmədov Çin kommunistləri ilə görüşdü
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında YAP Sədrinin müavini- İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Linin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Mediatv.az” yap.org.az saytına istinadən xəbər verir ki, Əli Əhmədov bu səfərin YAP ilə ÇKP arasında əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib. Əli Əhmədov qeyd edib ki, hər iki partiya arasında əlaqələr yüksək səviyyədədir. O, Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əlaqələrin inkişafının əsas istiqamətlərdən biri olduğunu deyib.«Bu baxımdan, Çin Kommunist Partiyası ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və müzakirələr əlaqələrimizi daha da möhkəmləndirir. Siyasi partiyaların əlaqələri ölkələr arasında münasibətlərin inkişafına da müsbət təsirini göstərir. Düşünürəm ki, səfər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Li Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Çin ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Çjoy Li bu əlaqələrin daha da inkişaf etdiyini qeyd etmişdir. Qonaq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın inkişafının yüksək qiymətləndirildiyini nəzərə çatdırıb..
Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.