Gündəm (10-02-2014, 12:27)
Onlara kim halallıq verib?
Ət məhsulları istehsalı ilə məşğul olan “Orxan SS” firmasında aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib. Ümumiyyətlə son zamanlar “halal” adı ilə istehsal olunan kolbasalarda donuz ətinin aşkarlanması halları müşahidə olunur.
Belə ki, “CF” və “KRISTAL” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal Həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasalarının və “Təndir” sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib. Bundan başqa, “Ukrainskaya kopçennaya” kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələri verilib. Yaxud “Servelat” kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.
Nazirlikdən bildirilib ki, qanun pozuntusuna yol vermiş “Orxan SS” Istehsal-Kommersiya Firması barəsindəÿ qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Digər “halal” nişanlı kolbasa növlərinə də donuz əti vurulması istisna edilmir. Bu isə ilk növbədə istehlakçıların hüquqlarının pozulmasıdır. Ölkədə kifayət qədər inanclı insanlar var və şəriətə görə donuz əti haramdır. Bu təbəqədən olan insanlar yalnız “halal” nişanı olan kolbasalarla qidalanır. Belə çıxır ki, insanların əqidələrinə sayğısızlıq üzərində qazanc əldə edilir və bu proses davam edir.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda tam mənada halal standartı yoxdur:
“Belə bir saxtakarlığa yol vermiş sahibkarlar əldə etdikləri gəlirin 50 faizi miqdarında cərimə olunmalıdır. Ötən ilin oktyabrında Dünya Halal Konqresində iştirak etdim və bəzi məqamların şahidi oldum. Dünyanın 65 ölkəsindən din alimləri bu konqresdə iştirak edirdilər. Məlum oldu ki, ”halal" nişanlı mal dövriyyəsi ildə 300 milyon dollardı və bunun 82 faizin xrisitianlar istehsal edir. Müzakirələrdə məlum oldu ki, dünyada tam halal məhsul yoxdur. Çünki, həmin məhsulun tərkibində müxtəlif indreqientlər olur ki, bunların mənşəyi məlum deyil. Ona görə Azərbaycanda da “halal” nişanlı mal satışı istehlakçının aldadılmasıdır. Hesab edirəm ki, müvafiq orqanlar bu məsələ ilə məşğul olmalı və inzibati tədbirlər görməlidir. Çox təəssüflər olsun ki, bu sahədə xeyli boşluqlar var və bundan istifadə edən bəzi dövlət orqanları, Qafqaz Müsəlmanları Idarəsi “halal” setifikatı verir".