Gündəm / Slayd (6-10-2015, 22:19)
Prezident: "Biz heç kimdən asılı deyilik"
“Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq”.
Mediatv.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Ucara səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
Ucarda görülən işlərdən söz açan ölkə başçısı bildirib ki, regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin. Deyə bilərəm ki, bizim bu əsas prioritet istiqamətlər Ucar rayonunun timsalında öz əksini tapır.
“Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır.
Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik - Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi”.
Prezident çıxışında diqqətə çatdırıb ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur.
“Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.
Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq.
Bu gün quşçuluq fabriki ilə tanış olarkən mənə, ümumiyyətlə, Aran iqtisadi rayonunda və Ucar rayonunda gedən proseslər, ayrılmış kreditlər haqqında məlumat verildi. Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir”.