Gündəm (17-09-2015, 12:58)
Azərbaycan əraziləri səhralaşır
AMEA Coğrafiya İnstitutunun 70 illik yubileyi və ona həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir
Mediatv.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun 70 illik yubileyi və ona həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo və təbii təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
APA-nın məlumatına görə, tədbirdə Ukrayna, Qazaxıstan, Gürcüstan, İran, Rusiya, Belarus, eləcə də Azərbaycanın müxtəlif elm və tədris müəssisələrindən olan 150-yə yaxın alim-mütəxəssis, əlaqədar təşkilatlardan nümayəndələr iştirak edirlər.
Tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, bu il həm AMEA-nın, həm də AMEA-nın Coğrafiya İnstitutunun 70 illik yubileyidir. Coğrafiya İnstitutunun ötən dövr ərzində əldə etdiyi nailiyyətlərdən danışan A. Əlizadə qeyd edib ki, bu gün keçirilən konfransda maraqlı məruzələr olacaq: “Bu gün Çində 8,3 bal gücündə zəlzələ olub. Bu kimi halları da coğrafiya elmi öyrənməlidir. Başqa sözlə, bu gün coğrafiya və geologiya Yerin təkində və üzərində baş verən prosesləri qarşılıqlı əlaqədə öyrənməlidir, coğrafiya sadəcə, təsviri məsələlərlə kifayətlənməməlidir”.
Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib ki, bu gün Coğrafiya İnstitutunun 205 əməkdaşı var, onlardan biri AMEA-nın həqiqi üzvü, ikisi AMEA-nın müxbir üzvüdür.
R. Məmmədov Coğrafiya İnstitutunda tən dövrlər ərzində görülən işlərdən söz açıb: “Qlobal iqlim dəyişmələri böyük fəsadlar yaradır, Azərbaycan əraziləri də qlobal iqlim dəyişmələrinə həssasdır. Bu sahədə əsas problemlərdən biri səhralaşmadır. 20 il əvvəl və sonra Azərbaycan ərazisində səhralaşma ilə bağlı tədqiqatların nəticələri Prezident Aparatına da təqdim edilib. Hələlik bu tədqiqat 35 min kv.km ərazini əhatə edib. Gələcəkdə bütün Azərbaycan ərazisi ilə bağlı bu sahədə tədqiqat aparılmasını planlaşdırırıq”.
R. Məmmədov 1970-ci illərdə Coğrafiya İnstitutunun Xəzər dənizində tədqiqatlar aparması üçün 3 gəmisi, Xəzərdə stansiyası olduğunu xatırladıb, sonradan gəmilərin Coğrafiya İnstitutundan alındığını nəzərə çatdırıb. Bununla belə, Coğrafiya İnstitutunun direktoru hələ də Xəzər dənizində obyektlərin tikintisi ilə bağlı Coğrafiya İnstitutunun proqnozlarından istifadə olunduğunu söyləyib.
Daha sonra Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə bağlı təbriklər səslənib.
Qeyd edək ki, iki gün davam edəcək konfransda müasir qlobal dəyişmələr, onların təbii-təsərrüfat sistemlərində, su ehtiyatları ilə təminatda, Xəzər dənizinin ekocoğrafiyasında yaratdığı sosial-iqtisadi və regional problemlər, təbii-təsərrüfat sistemlərinin müasir şəraitdə adaptasiya məsələləri haqqında məruzələr olacaq, geniş müzakirələr aparılacaq.