Gündəm (1-08-2015, 13:20)
Millət vəkili AZAL-ı ifşa etdi- “Əlavə 300 manat pul istədilər”
“Adam öz ölkəsinin şirkətinə fayda vermək istəsə də, öz şirkətimiz bizə bu imkanı heç cür yaratmır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri AZAL-ın qiymətlərindən şikayətlənən millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb:
“Bir dostumuz oğlunu Londona dil kursuna göndərirdi. Təyyarə bileti üçün AZAL-a müraciət edib. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb. 16 yaşdan aşağı sərnişinlər valideynsiz gedərsə, bilet puluna 300 AZN də əlavə ödəməlidir. Guya onu müşayiət edən şəxsə vermək üçün. Halbuki hüquqi qayda belədir ki, valideynlərinin hər ikisinin natorial qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa, hava şirkəti buna problem yaratmamalıdır. Demək, 520 manat üstəgəl 300 manat. Vətəndaş “British Airline” hava şirkətinə müraciət etdi və bildiriblər ki, onlar bu qaydanı yalnız 5-12 yaş arası uşaqlar üçün tətbiq edirlər. Belə olan halda, adam vətənpərvərlik göstərib AZAL-dan bilet almaq istəsə də, xeyrini ingilis şirkətinə verməyə məcbur qalır. Üzülürsən, ancaq nə edəsən, prezidentdən də yuxarı instansiya var? Prezident camaatın ürəyindən keçəni söylədi, bunlar isə yenə də öz ürəklərindən keçəni edirlər. Bu nüansları nəzərə alsaq, AZAL şirkətinin adını “ÇOXAL” olaraq dəyişmək daha məntiqli olar”.
Mediatv.az