Gündəm (28-03-2014, 12:08)
Fətulla Gülən hansı layihə ilə bağlı Azərbaycana zəng edib?
Son bir ayda ölkə mediasının əsas müzakirə mövzularından birinə çevrilən nurçular və onların Azərbaycandakı təmsilçiləri ilə bağlı xəbərlər bir qədər səngiyib.
Buna martın 20-dən başlayan bayram günləri əsas səbəblərdən biri ola bilər. Lakin elə iş günü sözügedən mövzu ilə bağlı yeni faktlar redaksiyalara daxil olmağa başlayıb.
Belə məlumatlardan biri də “Qafqazinfo”ya göndərilib. Bu xəbərdə ciddi ittihamlar səsləndirilib. Məlumatlara görə, iki il əvvəl Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması ilə bağlı tender elan olunub. Həmin beynəlxalq tenderin qalibi Türkiyənin “ALKE Müh. İnş. San” şirkəti olub. Bu şirkətin tenderin qalib olması ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Redaksiyamıza daxil olan məlumata görə, ALKE şirkətinin o zaman 120 milyon dollarlıq tenderi udmasında Fətulla Gülənin Azərbaycanda prosesə təsir edə biləcək şəxslərdən birinə etdiyi zəng həlledici rol oynayıb.
Maraqlı məqamlardan biri də bu prosesdə adları son zamanlar nurçularla əlaqələndirilən və bu səbəbdən vəzifəsindən azad olunan Elnur Aslanov, Ceyhun Osmanlı, eyni zamanda E.Aslanovun kadrı kimi tanınan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin də fəal iştirak etməsi olub. Nəticədə Ağdaşda su-kanalizasiya sisteminin qurulması ALKE-yə tapşırılıb.
Bundan başqa bəzi digər subpodratçı şirkətlərin də camaatla əlaqəsinə dair təsdiqlənməmiş məlumatlar var. Bu maliyyələrin bir hissəsinin hərəkatın xərclərinə yönəldildiyi ehtimal olunur.
Xatırladaq ki, həmin layihə çərçivəsində Ağdaş şəhərində 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkilməli, 7,6 min abunəçi su sayğacı ilə təmin edilməli idi.
Onu da əlavə edək ki, həmin layihə həyata keçirilən zaman orada çalışan fəhlələrdən bir neçəsinin öldüyü və bunun ictimaiyyətdən gizlədildiyi deyilir.
İttihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.