Gündəm (3-06-2015, 13:56)
Prezident hansı jurnalistləri mükafatlandıracaq?
Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə başçısının ötən gün imzaladığı sərəncama əsasən milli mətbuatın 140 illiyində jurnalistlərin hansı kriteriyalara əsasən mükafatlandıralacağı məsələsinə münasibət bildirib.
Mediatv.az xəbər verir ki, Ə. Amaşov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycan mətbuatının inkişafında əhəmiyyətli rol oynamış jurnalistlər mükafatlandırılcaq: “Hələ ki, sərəncam yeni verilib. Kriteriyaların başlıca meyarı ondan ibarət olmalıdır ki, həmin insanlar medianın inkişafında önəmli xidmət etmiş olsunlar. Elə insan var ki, uzun müddətdir ki, jurnalistikada fəaliyyət göstərir, amma töhfələri az olur, eləsi də var ki, az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq medianın inkişafında əməyi çoxdur. Əlbəttə, belə meyarlar yəqin ki, nəzərdə tutulacaq. Sərəncamda da qeyd edilir ki, jurnalist təşkilatları, redaksiya nümayəndələri adları təqdim edə bilərlər. Biz MŞ-ya daxil olan müraciətlər əsasında konkretləşdirib siyahını PA-ya təqdim edəcəyik. Adın verilməsi isə ölkə rəhbərliyi səlahiyyətinə aiddir”.
Eyni zamanda Ə. Amaşov vurğulayıb ki, sərəncamda da qeyd edildiyi kimi, KİVDF və Mətbuat Şurası ölkə üzrə tədbirlər keçirməlidir: “Yəni artıq Milli Mətbuataın bayramı yalnız Bakını yox, bütün ölkəni əhatə edəcək. Bu kifayət qədər önəmlidir. Həmin yubiley tədbirlərində mərkəzi qəzetlərin nümayəndələri ilə yanaşı, regionda fəaliyyət göstərən KİV nümayəndələri də iştirak edəcək”.