Gündəm / Slayd (28-05-2015, 18:15)
Nizami Piriyev Baş Prokurorluğun təqdimatı əsasında azad olunub
“Nizami Piriyev Baş Prokurorluğa barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə müraciət etmişdi. O, təhqiqatın obyektiv aparılmasında maraqlıdır və istintaqdan yayınmağa hazırlaşmır”.
Mediatv.az-ın məlumatına görə, bunu oliqarx Nizami Piriyevin həbsdən buraxılmasını virtualaz.org saytınaşərh edən vəkili Kamandar Nəsibov deyib.
Vəkilin sözlərinə görə, məhkəmə Baş Prokurorluğun təqdimatını əsas götürərək N.Piriyevə münasibətdə həbs-qətimkan tədbirinin hərəkətin məhdudlaşdırılması tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edib.
“Biznesmenə qarşı dələduzluq və kredit vəsaitlərinin mənimsənilməsi kimi ciddi ittihamlar irəli sürülüb. Bizsə bu ittihamlarla razı deyilik və onların əsassız olduğunu sübut etməyə çalışacağıq” - deyə Kamandar Nəsibov bildirdi.
Vəkil onu da əlavə edib ki, müdafiə tərəfi biznesmenin hərəkət azadlığına qoyulan qadağanın ləğvinə də nail olmağa səy göstərəcək: “Biz istintaq orqanlarının bu işi araşdırmaq niyyətinə hörmətlə yanaşırıq. Zavodun tikintisinə dövlət bankı olan Beynəlxalq Bankdan böyük kreditlər cəlb olunub. Lakin sübut edəcəyik ki, bu kreditlərin mənimsənilməsindən söhbət gedə bilməz. İstintaq uzana bilər. Ona görə də biz Nizami Piriyevin hərəkət azadlığına qoyulan məhdudiyyətin ləğvinə nail olmaq istəyirik”.
K.Nəsibov ümidvar olduğunu bildirib ki, müdafiə tərəfi istintaqı oliqarxın günahsızlığına inandırmağa və cinayət təqibinin dayandırılmasına nail olacaq.
* * *15:05
Kredit borclarını qaytarmamaq ittihamı ilə həbs olunan oliqarx Nizami Piriyev bu gün azad edilib.
Yada salaq ki, iş adamı mayın 12-də həbs edilmişdi. Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisidir. Şirkətə onun oğlu Nəsib Piriyev rəhbərlik edir. "PNN Group"un əsas aktivləri neft-kimya sənayesi sahəsində fəaliyyət göstərən və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətinə məxsusdur.
Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.
“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Virtualaz.org