Gündəm (20-05-2015, 17:27)
Yanan bina sakinləri imtina etdilər
Binəqədidə yaşayanlar üçün Bilgəh, Nardaran və Goradil də yer ayrılıb
Yanan binanın sakinləri onlar üçün ayrılmış yerlərdə qalmaqdan imtina edib. ANS TV-nin məlumatına görə, Binəqədi rayonu ərazisində yanan 16 mərtəbəli binanın sakinləri bu gecəni qohumlarının evlərində keçiriblər. Azərbaycan hökuməti evi yanan sakinlərin yerləşdirilməsi üçün paytaxtın bir neçə istiqamətində xüsusi yerlər ayrıb. Bu yerlər Bilgəh, Nardaran və Goradil qəsəbəsində yerləşir. Lakin sakinlər məsafə uzaq olduğu üçün həmin yerlərə getməkdən imtina edib.
Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin Əsgərov deyir ki, bina sakinləri həmin yerlərə xüsusi təyin olunmuş nəqliyyat vasitəsilə gedəcəkdilər. Amma buna baxmayaraq sakinlər onlar üçün təyin olunmuş yerlərdə qalmaqdan imtina ediblər.
O bildirdi ki, binada olan 53 ailədən 2 və ya 3-ü Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan komissiyaya müraciət etməyib. Qalan hamı ərizə ilə müraciət edir və harda qalmaq istəyirsə ona kirayə pulu verilir.
Qeyd edək ki, ötən gün Binəqədi rayonunda 16 mərtəbəli binada dəhşətli yanğın baş vermişdi. Yanğında 15 nəfər dünyasını dəyişmiş və onlarla insan yaralanmışdır.