Keçmiş ABŞ prezidenti Corc Buş səhvən İraqın işğalını "qəddar" və "əsassız" adlandırıb.

"Mediatv.az" "USNews"-a istinadən xəbər verir ki, Buş bu sözləri çərşənbə günü Dallasda keçirilən tədbirdə çıxışı zamanı Rusiyanın siyasi sistemini tənqid edərkən səhvən deyib.

"Nəticə, Rusiyada nəzarət və tarazlığın olmaması və bir adamın İraqa tamamilə əsassız və qəddarcasına işğala başlamaq qərarıdır",- dedikdən sonra dərhal "Mən Ukraynanı nəzərdə tuturam",-deyə nitqini tamamlayıb.

Tamaşaçılar gülməyə başlayanda o, səhvinin yaşı ilə əlaqədar olduğunu deyib.

Əlavə məlumat üçün qeyd edək ki, ABŞ prezidenti Corc Buş 17 mart 2003 tarixində uzun illər boyu kütləvi qırğın silahlarına sahib olmaqda günahlandırdığı İraq hökumətini işğal etmişdi.