“ELSA Azərbaycan təşkilatı son illər uğurla fəaliyyət göstərir. ELSA ilə Azərbaycanda fəaliyyət göstərən hüquq təsisatları arasında işgüzar əməkdaşlıq münasibətləri qurulub. Vəkillər Kollegiyası 2018-ci ildən hüquqşünas tələbələrlə sıx və çoxşaxəli əməkdaşlıq edir, bu təşkilatın bir çox təşəbbüslərini dəstəkləyir”.
Gununsesi.info-nun məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının dəstəyi ilə reallaşdırılan “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.
A. Bağırov vurğulayıb ki, vəkillər arasında vaxtilə ELSA Azərbaycan təşkilatının üzvləri olan çoxsaylı hüquqşünaslar da var. O həmçinin qeyd edib ki, hazırda Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov, aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayşə xanım və aparatın hüquqşünas məsləhətçisi Səttar Məmmədov vaxtilə ELSA Azərbaycanda rəhbər vəzifələrdə fəaliyyət göstərmişlər.
Tədbirin məqsədinin gənc hüquqşünasların ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları ilə yaxından tanış etmək olduğunu vurğulayan A.Bağırov deyib: “Gənclərimiz, xüsusilə gənc hüquqşünaslar bu islahatlarda fəal iştirak etməlidirlər. Üç gün davam edəcək tədbirdə məhkəmə-hüquq sahəsindəki yeniliklər, dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələr, görülən işlər, qanunvericiliyə edilən dəyişiklərlə bağlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda, məhkəmələrdə, vəkillik təsisatlarında, məhkəmə-hüquq sahəsində aparılan islahatlarla bağlı interaktiv qaydada müzakirələr olacaq. Məqsədimiz vəkillik peşəsini hüquqşünas tələbələr arasında populyarlaşdırmaqdır. ELSA Azərbaycan təşkilatı bu gün ölkədə hüquqşünas kadrların bankına çevrilib. Bu baxımdan təşkilatın ölkəmizdə fəaliyyəti çox uğurlu və qənaətbəxşdir”.