Ötən həftə Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbs edildi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan səfir barəsində Səbail Rayon Məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
E.Həsənova qarşı AR Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı, XİN-in fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib. Toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində E.Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 17-də isə Prezident İlham Əliyev E.Həsənovun fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Sabiq səfirin həbsi məsələsi ictimaiyyətdə birmənalı şərh edilmir. Araşdırmaçılar hesab edirlər ki, rəsmi açıqlamada maliyyə yeyintisi məsələsi göstərilsə də, əslində, bu həbsin arxasında başqa məqamlar var. Bəzi ehtimallara görə, səfirin iyulun 12-də Tovuz döyüşləri zamanı Serbiyadan Ermənistana silah satılmasında dolayısı ilə rolu olub. Başqa iddialara görə, E.Həsənov kifayət qədər siyasi iddialı bir şəxsdir. Səfirin həbsinin bununla bağlı olduğu haqqında da mülahizələr var.
Məlum həbslə bağlı qaranlıq məqamlar və bu fonda suallar çoxdur. Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Həsənovun həbsi ilə bağlı AYNA-ya danışarkən deyib ki, məlum həbsin daha dəqiq səbəbini hakimiyyətin özü bilir...
- Çünki Eldar Həsənov bu iqtidarın 26 illik məmuru olub. Təsəvvür edin ki, 30 ilə yaxındır adam iqtidarla birgə işləyib. İstər Daxili İşlər Nazirliyində, istər “İnterpol”da olsun, istərsə də Baş prokuror kimi, səfir kimi Eldar Həsənov bu iqtidarı təmsil edib. İndi hökumət adamı niyə həbs edib, bunu iqtidar daha yaxşı bilər. Düşünürəm ki, iqtidarın məsələsidir, mənim təxminlərim çox deyil. Hələlik Eldar Həsənovun özü də danışmayıb, vəkilləri də bildirirlər ki, susmağı seçib. Ona görə də mən həbsin nədən qaynaqlandığını, bilmirəm. Tək bildiyim, sizə də məlum olan rəsmi məlumatdır.
- Bəzi ehtimallara görə, Eldar Həsənov kifayət qədər siyasi iddiası olan şəxs olduğu üçün həbs olunub...
- Deyə bilmərəm. Siyasi iddiası varıydısa, hakimiyyət bunu 26 il ərzində bilmirdimi?! Əgər hakimiyyətə siyasi iddialıydısa, o zaman niyə bu illər ərzində vəzifədə saxlayırdılar, komandalarında, yanlarında tuturdular?! Hesab etmirəm ki, siyasi iddia məsələsi həbsdə rol oynayıb. Yəni, güman etmirəm.
- Mətbuatın yazdığına görə, Tovuz döyüşləri zamanı Serbiyadan Ermənistana silah satışında səfirin dolayısı ilə əli var. Bu ehtimal nə dərəcədə həqiqət ola bilər?
- Hesab etmirəm ki, səfir yox, ümumiyyətlə hər hansı azərbaycanlı Ermənistana silah satışında iştirak edə, o silahlar da Azərbaycana, Azərbaycan insanına qarşı tuşlana, Azərbaycan oğullarını öldürə. Kiminsə bu cür addım atmasına nə mənəviyyat yol verər, nə qeyrət. Kim olur olsun, bir azərbaycanlının belə çirkin oyuna getməsinə inanmıram, daha doğrusu, inanmaq istəmirəm. Belə bir hərəkət Vətən üçün, Millət üçün sonuncu hərəkət olar. Belə də ki, Ermənistana silah satışında səfir nə edə bilər ki? Ermənistana silah satışı ən çox Rusiya tərəfindən həyata keçirilir. O zaman Rusiyadakı səfiri həbs edək?! Bütün hallarda, yenə də deyirəm ki, Eldar Həsənovun nə səbəbə həbs olunduğunu iqtidar bilir, biz bilmirik.
- Sizcə, məsələnin əsl mahiyyəti açıqlanacaqmı? Çünki, ona qarşı irəli sürülən rəsmi ittihamlar cəmiyyətdə inamsızlıqla qarşılanır...
- Bu mərhələdə nələrinsə açıqlanacağına inanmıram. Ola bilsin ki, məhkəmə mərhələsində Eldar Həsənov danışsın, mövqeyini, yanaşmalarını ortaya qoysun. Bunu da, artıq məhkəmə dönəmində biləcəyik.
- Məhkəmənin açıq keçiriləcəyini düşünürsünüz? Çünki, adətən bu cür şəxslərlə bağlı məhkəmələr ictimaiyyətə qapalı keçirilir.
- Hər halda qapalı da keçirilsə, vəkilləri müəyyən məlumatlar verəcəklər. Eyni zamanda, təqsirləndirilən şəxs məhkəməsi ilə bağlı fikirlərinin ictimiyyətə çatdırılmasını istəyirsə, o zaman məhkəmə qapalı da keçirilsə, məlumatların mətbuata ötürülməsi yolları var. Məncə, Eldar Həsənov danışmaq istədiyi təqdirdə, mətbuatda məlumatların yayılması yollarından istifadə edəcək.
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024