Cəmiyyət / Slayd (18-07-2020, 09:56)
Milli Mətbuatın 145 yaşı qeyd ediləcəkmi?
Mətbuatın 145 illik yubileyinə sayılı günlər qalır. Lakin önəmli bir yubiley tarixi olsa da, bir tərəfdən ölkə ərazisində koronavirus pandemiyası səbəbindən karantin elan olunması, digər tərəfdən hazırda cəbhə xəttində baş verənlər öncəki illərə nisbətən bir qədər prosesə kölgə salır.
Bu il çoxsaylı jurnalistin və media işçilərinin iştirakı ilə tədbirlər keçirilməsi mümkün olmasa da, onlayn qaydada konfransların baş tutacağı ehtimal olunur. Bundan başqa, hər il Mətbuat günü ərəfəsində dövlət başçısı tərəfindən bir neçə jurnalistə fəxri adlar təqdim edilir. Bu il həm də jurnalistlər üçün tikilən 3-cü binadan mənzillərin paylanılması gözlənilirdi. Lakin prosesə hazırlıq getməməsi bir qədər suallar yaradır.
Bəs görəsən, Milli Mətbuat Günü ərəfəsində hansı tədbirlər baş tutacaq? Mənzillərin verilməsi təxirə salına bilərmi?
“Yeni Müsavat” qəzetinin sualını cavablandıran “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, mətbuatın 145 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanıb və ilboyu davam etməsi nəzərdə tutulur: “O cümlədən tədbirlərin çoxu onlayn konfranslar şəklində keçiriləcək. Çünki prezident sərəncamında da qeyd olunmuşdu ki, Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq keçirilsin. Bu günlərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilk olaraq mətbuatın 145 illiyi ilə bağlı onlayn konfrans keçirdi və biz orada iştirak etdik. İyulun 21-də və 22-də də onlayn konfranslar olacaq. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu iyulun 22-də müxtəlif KİV rəhbərlərinin iştirakı ilə onlayn konfrans keçirəcək. Ondan sonra da başqa tədbirlər var. Mətbuat Şurasının da onlayn konfransı nəzərdə tutulub. Sərəncama əsasən, tədbirlər planında ilboyu tədbirlərin keçirilməsi nəzərdə tutulur. Hətta orada Zərdabiyə həsr olunmuş poçt markasının buraxılması da planlaşdırılır. Müxtəlif qurumlar vasitəsilə həyata keçirilməli olan bir çox tədbirlər də var”.
R.Məcid onu da vurğuladı ki, Mətbuat Günü ərəfəsində jurnalistlərə fəxri adların verilməsi də gözlənilir: “Artıq namizədlər təqdim olunub. Çox güman ki, bu ərəfədə fəxri adlar da açıqlanacaq. Jurnalistlər üçün tikilən 3-cü binadan mənzillərin paylanılması məsələsi hələ ki, qalır. Yəqin ki, bu məsələ gələcəkdə daha rahat bir şəraitdə müzakirə olunaraq həll ediləcək”.
“Gündəlik Teleqraf” Media Holdinqinin baş redaktoru Aynur Camal da tədbirlərin onlayn şəkildə baş tutacağını və mənzil məsələsinin təxirə salınacağını qeyd etdi: “Hazırda ölkədə elə bir vəziyyətdir ki, mən hansısa təntənəli tədbirlərin baş verməsini nə gözləyirəm, nə də arzulayıram. Tovuzda baş verən hadisələr, oğullarımızın şəhid olmasından sonra toplanmağımız, tədbir keçirməyimiz doğru deyil, o əhval-ruhiyyəmiz də yoxdur. Digər tərəfdən pandemiya ilə bağlı karantin rejimidir və bu səbəbdən kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. O səbəbdən tədbirlər yəqin ki, sakit şəkildə, onlayn qaydada olacaq. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu media rəhbərləri ilə iyulun 22-də onlayn toplantı planlaşdırır. Mən artıq dəvət almışam. Digər məsələlərə gəlincə, jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması, fəxri adların verilməsi ilə bağlı danışmaq hələ tezdir. Ölkədə pandemiya bitsin, cəbhədən qələbə xəbərlərini eşidək, hər şey qaydasına düşəndən sonra bu məsələləri reallaşdırmaq üçün də vaxt tapacağıq”.
Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna da qeyd olunan suallarla bağlı sorğu göndərdik. Belə aydın oldu ki, hazırda bütün diqqət cəbhədə baş verənlərə yönəldiyi üçün bu məsələdə bir qədər qeyri-müəyyənlik var. Bir neçə gün sonra mətbuat günü ilə bağlı tədbirlərin tam tərkibi bəlli olacaq.
“Yeni Müsavat”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024