Cəmiyyət (13-06-2017, 13:51)
AMEA prezidenti: Azərbaycan ərazisi böyük günəş ehtiyatlarına malikdir
“Son zamanlar baş verən qlobal iqlim dəyişmələri Azərbaycana da öz təsirlərini göstərir. Bu isə torpaq, iqlim ehtiyatlarının öyrənilib modernləşdirilməsini təmin edir”.
Mediatv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkənin yerləşdiyi coğrafi məkan burada böyük iqlim ehtiyatlarının formalaşmasına imkan yaradır. Akademik qeyd edib ki, Azərbaycan ərazisi böyük günəş ehtiyatlarına malikdir: “Ölkədə 1 kvadrat santimetr əraziyə 150 kilokalori istilik düşür. Azərbaycanda günəşli saatlar illik 2000-2900 saat arasında dəyişir. Amma biz bundan kifayət qədər istifadə edə bilmirik”.
A.Əlizadə deyib ki, son 20-25 ildə ölkə ərazisində havanın orta illik temperaturu 0,5-1,4 dərəcə yüksəlib. Bu isə öz növbəsində ölkədə fəal temperatur cəminin 250-350 dərəcə artması deməkdir.
