Cəmiyyət / Karusel (23-05-2014, 19:44)
“Texnikabank”ın bankomatları metrodan yığışdırılır, maaşların yalnız Beynəlxalq Bankın vasitəsilə ödəniləcəyi gözlənilir
“Bakı Metropoliteni”nin rəhbərliyi dəyişdiriləndən və “Azərtunelmetrotikinti” ASC-nin ona birləşdirilməsindən sonra, bu strukturda çalışanların sayı təqribən 7 min nəfər civarındadır.
Bu isə Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük rəqəmdir. Bu qədər insanı, özü də böyük hissəsi hələ sovet dövründən sözügedən sahədə çalışan kollektivi idarə etmək və yeni qaydalara uyğunlaşdırmaq asan deyil.
Bəzi “yeniliklər” isə hörmətli Tağı Əhmədovun dövründə kifayət qədər çox olub. Bunlardan biri də heç kimin anlamadığı bir şəraitdə metro işçilərinin maaşının “Texnikabank” vasitəsilə ödənməsinə dair qərar verilməsidir. Heç də aparıcı banklardan biri olmayan və sonradan ətrafında müxtəlif söz-söhbətlər dolaşan, hətta rəhbərliyi həbsə atılan bir banka metropoliten rəhbərliyinin sevgisi nədən qaynaqlanıb görəsən? Bu sualın cavabını bilmirik…
Amma bildiyimiz odur ki, yeni rəhbərlik bu bankın ayağını metrodan kəsmək qərarına gəlib. Belə ki, saytımıza daxil olan məlumata görə, hazırda rəhbərliyi dəyişdirilən, böyük ehtimalla əvvəlki çirkablardan təmizlənən və adı “Bank Technique” olan bankın bütün bankomatları metro stansiyalarından yığışdırılır.Onların yerinə isə Beynəlxalq Bankın bankomatlarının qoyulacağı gözlənilir. Məsələn, Həzi Aslanov stansiyasından “Bank Technique” bankomatı götürülüb, amma onun yanındakı “Kapitalbank”a aid bankomat yerindədir. Yeni rəis Zaur Hüseynov metrodakı bütün ticarət obyektlərini heç bir ayrıseçkilik etmədən yığışdırdı. Bunun doğru, yaxud səhv addım olduğu dartışılmalı mövzudur və buna birmənalı qiymət vermək çətindir. Ancaq yeni rəisin bank olaraq, nədən yalnız “Bank Technique” bankomatlarını götüzdürməsi maraq doğurur.
Görünür səbəbsiz deyil. Məsələ ondadır ki, maaşlar kartlarla ödənilməyə başlandığı dövrdən, metropoliten Beynəlxalq Bankla əməkdaşlıq edib. Bu da təbiidir, ölkənin ən iri bankıdır və siyasi hakimiyyətin üstünlük verdiyi bank olduğu danılmazdır. Əməkdaşlıq deyəndə isə 5 mindən artıq işçinin əmək haqqının ödənməsi və digər böyük məbləğli bank əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Bunun bir bank üçün nə qədər böyük gəlir mənbəyi olduğunu başa düşmək üçün peşəkar maliyyəçi olmağa ehtiyac yoxdur. Birdən-birə bu yağlı tikəyə o vaxtkı “Texnikabank”ın cəlb olunmasında məqsəd görəsən nə olub? Biz demirik, amma əksər ekspertlər deyir ki, bu cür anlaşmaların arxasında hər iki tərəfin maddi maraqlarının durması ehtimalı olduqca yüksəkdir…
Hər necə olsa da, fakt budur ki, Zaur Hüseynov Tağı Əhmədovun daha bir ”əsərini” metrodan silir. Metro işçiləri maaşlarını artıq Beynəlxalq Bankdan çıxarmağa üstünlük verir. Və kriminal əməliyyatlarda adı keçən “Texnikabank”ın metropolitenlə maliyyə bağlarının ümumiyyətlə qırılması yaxın günlərdə həll olunacaq məsələyə çevrilib, bəlkə də həll olunub.Ancaq inanın ki, bu yeniliyin onsuz da küncə sıxışdırılan Taği Əhmədov cənablarına yeni problemlər yaratmasını qətiyyən arzulamırıq…