Cəmiyyət (21-06-2016, 15:34)
Xəyanətkarın növbəti gedişi uğursuz oldu - Azərbaycan isə uğurdan-uğura addımlayır
Azərbaycanın paytaxtı Bakı şəhərində möhtəşəm “Formula-1” Avropa Qran-pri yarışları başa çatmışdır. İyunun 19-da keçirilmiş əsas yarışda 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizəyə qatılmışdı. Təxminən saat yarım davam edən yarışda bolidlər 6 kilometr məsafədə 51 dövrə vurmuşlar. “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq 1 dəqiqə 48,942 saniyə nəticə ilə qələbə qazanmışdır. İkinci yerə daha bir almaniyalı pilot, “Ferrari” komandasının üzvü Sebastyan Fettel çıxmışdır. Üçüncü yeri isə “Force İndia”nın meksikalı pilotu Serxio Peres tutmuşdur.
Dörd pilot - rusiyalı Daniil Kvyat və onun komanda yoldaşı Karlos Saynz (“Scuderia Toro Rosso”), habelə məşhur idmançı, dəfələrlə “Formula-1” yarışlarının qalibi olmuş ispaniyalı Fernando Alonso (“McLaren Honda”) və “Manor Racing” komandasının almaniyalı pilotu Paskal Verlayn avtomobillərindəki texniki nasazlıq üzündən yarışı başa çatdıra bilməmişlər.
Finiş xəttini keçdikdən sonra Niko Rosberq jurnalistlərə Bakıya məhz qələbə üçün gəldiyini bildirmişdir: “İnanılmaz bir gündür. Bakıya bu cür qonaqpərvərliyə görə təşəkkür edirəm. Siz əla tras inşa etmisiniz və burada yarışmaq maraqlı idi. Mənim üçün hər şey əla alındı. İndi qələbəmdən çox məmnunam. Məhz bunun üçün mən Bakıya gəlmişdim və istəyimə nail oldum”.
Yarışların startından əvvəl pilotlar avtomobillərində parad düzənləmişlər. Sonra Avropa Qran-prisinin açılış mərasimi başlamışdır. Möhtəşəm tədbirdə xalqımızın mübariz ruhu ilə birlikdə onun zəngin irsi dünyaya nümayiş etdirilmiş, Alov və ehtiras, Su və qıvraqlıq, Külək və sürət, İrəli və qələbə əzmi, habelə Birlikdə və ölkələrin birliyi adlı beş rəmz və modeldən ibarət süjet xəttində birləşmiş tamaşa göstərilmişdir. Tamaşada könüllülər, incəsənət xadimləri, musiqi qrupları və xarici ifaçılardan ibarət 626 nəfərlik heyət yer almışdır.
Sonra Azərbaycanın bayrağı meydana gətirilmiş, Dövlət Uşaq Filarmoniyasının kollektivi himnimizi ifa etmişdir.
Açılış mərasimini və yarışları Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod izləmişlər.
Həlledici yürüş başa çatdıqdan sonra dövlət başçısı Avropa Qran-prinin qalibi Niko Rosberqi yarışların kuboku ilə mükafatlandırmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Mersedes” komandasının nümayəndəsinə Mühəndislər kubokunu təqdim etmişdir. Gənclər və idman naziri Azad Rəhimov ikinci yerin sahibi Sebastyan Fetteli mükafatlandırmışdır. Üçüncü yeri tutmuş Serxio Peresin mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim edilmişdir.
Bu qələbədən sonra Niko Rosberq “Formula-1” çempionatında liderliyini davam etdirir (141 xal). Bu zəfər almaniyalı pilotun cari mövsümdə 5-ci, karyerası boyunca isə 19-cu qələbəsi idi. Ümumilikdə isə Avropa Qran-prinin nəticəsinə görə, pilotlar aşağıdakı yerləri tutmuşlar: 1. Niko Rosberq (“Mersedes”), 2. Sebastyan Fettel (“Ferrari”), 3. Serxio Peres (“Force İndia”), 4. Kimi Raykkonen (“Ferrari”), 5. Luis Hamilton (“Mersedes”), 6. Valteri Bottas (“Williams”), 7. Daniel Rikkardo (“Red Bull Racing”), 8. Maks Ferstappen (“Toro Rosso”), 9. Niko Nulkenberq (“Force İndia”), 10. Felipe Massa (“Williams”), 11. Censon Batton (“McLaren”), Felipe Nasr (“Sauber”), 13. Romain Qrojan (“Haas”), 14. Kevinq Maqnussen (“Renault”), 15. Colion Palmer (“Renault”), 16. Esteban Qutierez (“Haas”), 17. Marjus Erikson (“Sauber”), 18. Rio Haryanto (“Manor Racing”).
Xatırladaq ki, bir gün əvvəl keçirilmiş GP2 iştirakçılarının test yürüşündə ilk yarışda olduğu kimi, yenə də “Prema Racing” komandasının italiyalı pilotu Antonio Covinatsi qalib gəlmişdir. Onun komanda yoldaşı Pyer Qasli ikinci, “ART Grand Prix” klubunun pilotu rusiyalı Sergey Sirotkin isə üçüncü yeri tutmuşlar. Birinci yürüşdə isə Sirotkin ikinci, “Rusian Time” komandasının pilotu Rafael Marçello isə üçüncü olmuşlar.
İyunun 17-də keçirilmiş ilk təsnifat yürüşündə “Mersedes” komandasının britaniyalı pilotu üçqat dünya çempionu Luis Hamilton qələbə qazanmışdır. Onun komanda yoldaşı Niko Rosberq ikinci yerdə qərarlaşmış, Valteri Bottas isə (“Williams”) üçüncü yerə sahib çıxmışdır. Həmin gün keçirilmiş ikinci test yürüşü də Hamiltonun qələbəsi ilə başa çatmışdır.
İyunun 18-də azarkeşlər daha bir maraqlı təsnifat yürüşünə şahidlik etmişlər. Əvvəlki iki yarışda olduğu kimi, yenə də Hamilton birinci yeri tutmuş, Niko Rosberq ikinci yerə çıxmış, Niko Nulkenberq isə (“Force İndia”) üçüncü yerdə qərarlaşmışdır.
Sürət, Çağırış və Cazibə sözləri ilə simvolizə olunan Bakı Şəhər Halqası “Formula-1” yarışlarının ən yeni turniri idi. İndiyədək olduğu bütün yarışlardakı kimi, bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə keçirilmiş “Formula-1” Avropa Qran-prisi bütün dünyada əks-səda vermiş və 500 milyon tamaşaçı tərəfindən izlənmişdir.
Bakıya gəlmiş hər bir qonağa yarışları izləmək və gözəl istirahət etmək üçün geniş şərait yaradılmışdır. Belə ki, Azərbaycana təşrif buyurmuş turistlər bənzərsiz əyləncə proqramının da şahidi olmuşlar. Avtoqraf sessiyalarında tamaşaçılar sevimli komandalarının pilotları ilə görüşmək imkanı qazanmışlar. Pit Yolu Gəzintisi də “Formula-1” aləminə maraqlı səyahət olmuşdur.
Bu günlərdə dünya musiqisinin ən məşhur ulduzları - Kris Braun, Enrike İqlesias və Farel Uilyams möhtəşəm çıxışları ilə tamaşaçıların zövqlərini oxşamışlar.
Paytaxtımızın hər bir qonağı Azərbaycanın mədəniyyəti ilə tanış olmaq imkanı əldə etmişdir. Azərbaycan Mədəniyyəti Guşəsində tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri, o cümlədən xalçaçılıq, şüşə üzərində nəqqaşlıq, kəlağayı boyama, dulusçuluq, şəbəkə, taxta üzərində oyma, miniatür musiqi alətlərinin hazırlanması və s. ilə tanış olmuşlar. Milli parkda quraşdırılmış xüsusi qalereyada “Formula-1” Qran-pri yarışlarının 60 ildən çox tarixini əks etdirən 100 şəkil nümayiş etdirilmişdir.
Yarış günlərində uşaqlar da tədbir təşkilatçılarının diqqətindən kənarda qalmamışlar. Onlar üçün kiçik sürücülük məktəbi təşkil edilmiş, orada uşaqlar yol hərəkəti qaydalarını əyləncə və sərbəst mühitdə öyrənmişlər. Uşaqlar həm də kiçik kartinqlərdə yarışmışlar.
Avropa Qran-prisinin hər bir qonağı xüsusi simulyatorlarda gücünü sınamaq, özünü “Formula-1” pilotu kimi hiss etmək imkanı da qazanmışdır. Fəal istirahəti sevənlər isə hava turbini, dırmanma divarı və batut attraksionlarında əylənmiş, eyni zamanda peşəkar idmançıların məharətli çıxışlarını izləmişlər.
Bakı dünya səviyyəli daha bir idman yarışına layiqincə evsahibliyi etdi. Ölkəmizin qonaqları bir daha tariximiz, mədəniyyətimiz, mətbəximiz, qonaqpərvərliyimizlə yaxından tanış oldu və xoş təəssüratlarla vətənlərinə yola düşdülər. Lakin bu ayrılıq uzun çəkməyəcək. Paytaxtımızı yeni möhtəşəm tədbirlər və idman yarışları gözləyir.
Lakin adını azərbaycanlı qoyan amma xaricdən, daha doğrusu erməni lobbisindən maliyyələşən media orqanlarının rəhbərlərinin və əməkdaşlarının bu önəmli yarışa və uğura ləkə yaxmalarına ad qoymaq olmur. Ölkəmizin inkşafını istəməyən qüvvələrin “gül balaları” indi hər vəchlə ölkəmizdə keçirilən bu cür önəmli yarışların olmayan ziyanından danışır və ictimaiyyəti aldatmağa cəhd edirlər. Xəyanət dolu fəaliyyətləri ilə cəmiyyətimizdə seçilən qüvvələrin gerçəkləşməyən istəkləri ağalarını görünür daha çox narahat edir. Bu ölkənin çörəyini yeyib ona xəyanət edənlərin cəzaları ağır olsada onlar bu həqiqətləri görməməzlikdən gəlir və çirkin məqsədlərinə çatacaqlarını düşünürlər. Lakin bilmirlər ki, xalq onları satılmışlar kimi tanıyır və tarix onların adını çoxdan səhifələrinə “XƏYANƏTKARLAR” kimi qeyd edib.
Bu mənada SANCAQ kimi tanınan Mehman Hüseynov və onun qardaşı Emin Hüseynov apardığı gülünc və sifarişli kampaniyanın arxasında dayananlar məqsədlərinə çata bilmədiklərindən bütün çirkin vasitələrə əl atırlar. Amma onlar unudur ki, Azərbaycan xalqı bu ölkəni uğurdan – uğura daşıyan Prezidentini dəstəkləyir və düşmənlərimizin pulu ilə anti-Azərbaycan təbliğatını quranları lənətləyir. Bu ölkədə yasamaq haqqları və bu ölkənin vətəndaşı olmaq haqqını itirmişlərin ermənilərlə bir fərqi olmadığı açıq-aydındır. Və zaman onların kimliyini çılpaqlığı ilə ortaya çıxarmaqda israrlıdır.
M.M.S
Bakunews.az
