Cəmiyyət (16-06-2016, 18:50)
AMEA Neft və Qaz İnstitutuna yeni direktor təyin edilib
Bu gün Azərbaycan Milli ELmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.
Mediatv.az-a AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə AMEA-nın elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün elan əsasında gizli səsvermə yolu ilə bölmənin Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə seçki keçirilib. Gizli səsvermənin nəticələrinə görə, Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev seçilib.
Sonra akademik Pərviz Məmmədov “Cənubi Xəzər hövzəsinin böyük dərinliklərə çökmə səbəblərinin tədqiqi” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Paris-IV, Moskva Dövlət Universiteti, Şevron (ABŞ), BP (Böyük Britaniya) şirkətləri ilə uzun illər ərzində Peritetis, MEBE, Darius beynəlxalq layihələri çərçivəsində aparılan tədqiqatlar nəticəsində Cənubi Xəzər hövzəsinin çox böyük dərinliklərə (25-30 km) çökməsinin əsas səbəbləri (tektonik çökmə, çöküntü qatının ağırlığı, izostasiya və subduksiya) barədə məlumat verilib. Tədqiqatlar nəticəsində Cənubi Xəzər hövzəsinin regional profillər üzrə kəsilişləri qurulub, müxtəlif mərhələlərdə çöküntü toplamanın sürəti və paleocoğrafi şəraiti aydınlaşdırılıb. Müzakirələrdə alınan nəticələrin Cənubi Xəzər hövzəsinin inkişaf mərhələlərinin, çöküntü qatının neftlilik-qazlılığının və seysmoloji şəraitin öyrənilməsində mühüm rolu qeyd olunub.